Nəzərdə tutulan planlar Azərbaycan-Tacikistan ticari-iqtisadi əməkdaşlığının genişləndirilməsinə stimul verəcək
Bakı, 7 iyul, AZƏRTAC
Hazırda bizim qarşılıqlı münasibətlərimiz liderlərimiz Emoməli Rəhmon və İlham Əliyev arasında səmimi, yaxın və qardaşlıq münasibətlərinə əsaslanır. Bu ilin mayında Düşənbədə təşkil olunan son səfər xalqlarımız arasında tarixi əlaqələrin sübutuna çevrildi.
Bu barədə AZƏRTAC-a müsahibəsində Azərbaycan-Tacikistan arasında ticari-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə hökumətlərarası Komissiyanın 6-cı iclasının işində iştirak üçün Bakıya gələn Tacikistan Respublikasının Sənaye və Yeni Texnologiyalar Nazirliyinin Beynəlxalq Münasibətlər İdarəsinin müdiri Timur Yoribek bildirib.
Tacikistan nümayəndə heyəti adından Azərbaycan tərəfinə səmimi qəbul, mədəni proqramın təşkili üçün təşəkkürünü bildirən T.Yoribek Bakıya heyran qaldıqlarını, özlərini bu şəhərdə öz evlərindəki kimi hiss etdiklərini deyib.
“Gündəlikdə hökumətlərarası komissiyamız tərəfindən bir çox məsələ nəzərdən keçiriləcək. Hər iki tərəfdən energetika, sənaye, turizm, təhsil, səhiyyə və iqtisadiyyatın digər sahələrində əməkdaşlığımızın genişləndirilməsi və inkişaf etdirilməsi üzrə müəyyən təkliflər hazırlanıb”, - deyə T.Yoribek əlavə edib.
İdarə rəisi qeyd edib ki, dünya siyasətində və iqtisadiyyatında baş verən nüansları nəzərə alsaq, Azərbaycan hazırda Mərkəzi Asiya ölkələri üçün mühüm rol oynayır. O deyib: “Tacikistandan, Azərbaycandan keçən bu nəqliyyat dəhlizi, həmçinin ölkələrimizin inkişafı üçün zəruri malların daşınması üzrə haba çevriləcək. Hesab edirəm ki, nəzərdə tutulan planlar Azərbaycan-Tacikistan ticari-iqtisadi əməkdaşlığının genişləndirilməsinə stimul və konkret qərarlar verəcək”.