Niderland əhali arasında siqaretlə mübarizədə Avropa lideridir
Bakı, 7 avqust, AZƏRTAC
Niderland Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən tütünə tələbatın azaldılması ilə bağlı tövsiyə olunan bütün tədbirləri qəbul edən Avropa İttifaqının ilk dövlətidir.
AZƏRTAC xəbər verir ki, 2024-cü ilədək Niderland hökuməti supermarketlərdə siqaret satışına qadağa qoymağı planlaşdırır, 2030-cu ildən etibarən isə bu sıraya yanacaqdoldurma stansiyaları da əlavə ediləcək. 2032-ci ildən siqareti yalnız tütün mağazalarında almaq mümkün olacaq. Hökumətin məqsədi 2040-cı ilə qədər “tütün tüstüsü görməyən nəslə” nail olmaqdır.
Niderland Avropa İttifaqında ilk ölkədir ki, ÜST tərəfindən tövsiyə edilən və tütünə tələbatın azaldılması işinə töhfə verən altı tədbiri qəbul edib. Bu, hökumət, səhiyyə təşkilatları və cəmiyyət arasında əməkdaşlıq sayəsində mümkün olub.
ÜST-nin cari ilin iyul ayında dərc edilmiş hesabatına əsasən, Türkiyə, Braziliya və Mavriki də tütünə tələbatı azaltmağa nail olublar. Ölkələrin təxminən 40 faizində tütün tüstüsündən azad qapalı ictimai yerlər mövcuddur.
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2008-ci ildə tətbiq olunan altı tədbirə tütün istehlakını izləmək, onun təhlükəsi barədə xəbərdarlıq etmək, insanları siqaret tüstüsündən qorumaq, siqaret çəkməkdən imtinada yardım təklif etmək, tütün reklamına qadağa qoymaq, eləcə də bu məhsula olan vergini artırmaq daxildir. ÜST-nin qiymətləndirmələrinə görə, bu tədbirlər sayəsində dünyada siqaret çəkənlərin sayı 300 milyon nəfər azalıb.