Niderlandda Vətən müharibəsi qaziləri ilə görüş keçirilib
Rotterdam, 15 avqust, AZƏRTAC
Niderland Krallığında fəaliyyət göstərən Benelüks Azərbaycanlıları Konqresi (BAK) və “DAYAQ” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının birgə təşkilatçılığı ilə Vətən müharibəsi qaziləri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, “DAYAQ” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının baş ofisində keçirilmiş görüşdə “DAYAQ” Təşkilatının sədri Qalib Əliyev Vətən müharibəsi qazilərini salamlayaraq, Avropada fəaliyyət göstərən diaspora fəaliyyətindən söz açıb.
Benelüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi və post müharibə dövründə diaspora fəallarının əzmlə fəaliyyət göstərdiyini vurğulayıb. E.Məmmədov bildirib ki, ölkəmizin hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlı doğma torpaqlarımızın azadlığı uğrunda rəşadətlə mübarizə aparmış Azərbaycan oğullarının xatirəsi həmişə ehtiramla anılır. Həmçinin o, şəhid ailələrinə, eləcə də qazilərimizə daim dəstək olan "DAYAQ" Təşkilatının fəaliyyətini yüksək qiymətləndirərək, gələcək əməkdaşlıq planları haqda fikirlərini bölüşüb.
"DAYAQ" Təşkilatının sədr müavini Məcid Məmmədov şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına dövlətimizin diqqət və qayğısından söz açaraq qeyd edib ki, gələcəkdə də Benelüks Azərbaycanlıları Konqresi və "Dayaq" Təşkilatı birlikdə dövlət prioritetləri arasında olan həssas təbəqənin nümayəndələrinə dəstək göstərməkdə davam edəcəklər.
Gənc qazilərimiz və müharibə iştirakçılarımız arasında ağır atletika üzrə Avropa birinciliyi turnirindən qalibiyyətlə dönən Asxab Kalayev və qızıl medala layiq görülmüş Ömər Cavadov hədiyyələrlə və fəxri diplomlarla təltif olunublar. Həmçinin, 20 nəfər qazimizə hədiyyələr verilib və maddi dəstək göstərilib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Rotterdam