Niderlandlı şirkət rəhbəri Qarabağ müharibələri barədə məlumatlandırılıb
Haaqa, 24 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Niderland Krallığındakı səfiri Fikrət Axundov Niderlandın “Kros Medical” şirkətinin rəhbəri Ron Gezelle və Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkın ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Niderlandda keçirilmiş xeyriyyə kampaniyası çərçivəsində Azərbaycan mənşəli Niderland vətəndaşları tərəfindən toplanan maliyyə vəsaiti əsasında “Kros Medical” şirkətindən 100 ədəd əlil arabasının alınaraq Qarabağ qazilərinə hədiyyə edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Əvvəlcə səfir F.Axundov Birinci və İkinci Qarabağ müharibəsinin nəticələri ilə bağlı şirkət rəhbərini ətraflı məlumatlandırıb və R. Gezelleni Azərbaycana səfərə dəvət edib. Niderlandlı iş adamı, eyni zamanda, “YAŞAT” Fondunun fəaliyyəti ilə bağlı ətraflı məlumatlandırılıb. Tərəflər “Kros Medical” şirkətinin “YAŞAT” Fondu ilə əməkdaşlıq perspektivləri müzakirə ediblər. Səfir ölkəmizdə qazilərə və müharibə veteranlarına göstərilən dövlət qayğısından söz açıb.
Diplomat, həmçinin Niderlandın bəzi siyasi dairələri tərəfindən Qarabağ müharibəsi haqqında həqiqətə uyğun olmayan, birtərəfli, əsassız, ermənilərin maraqlarına xidmət edən məlumatların yayılmasından təəssüf hissi keçirdiyini bildirib.
R.Gezelle ölkəmizlə bağlı məlumatlı, Azərbaycan haqqında müsbət təəssüratlarının olduğunu, Niderland mətbuatında və parlamentində Azərbaycanla bağlı səsləndirilən fikirlərin yerli ictimaiyyətin mövqeyini əks etdirmədiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycana səfər etməyi səbirsizliklə gözləyir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Haaqa