Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Rəqəmsal Liderlik Forumunda təmsil olunub
Bakı, 9 iyul, AZƏRTAC
İyulun 7-9-da Özbəkistanın paytaxtı Daşkənddə bu ölkənin Rəqəmsal Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Rəqəmsal Liderlik Forumu keçirilib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Özbəkistanın IT sektoruna və ölkəyə qoyulan böyük investisiyaların müzakirə olunduğu illik toplantıda 300-dən çox nümayəndə iştirak edib.
Forumun müxtəlif panellərində Mərkəzin üzvləri - Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Gürcüstanın sabiq Prezidenti Giorqi Marqvelaşvili, Moldova və Qırğızıstanın sabiq Baş nazirləri Kiril Qaburiçi və Comart Otorbayev, Amerika Milli Əlaqələr Komitəsinin prezidenti xanım Suzan Elliott iştirak ediblər.
Foruma aparıcı təşkilatlardan, o cümlədən dünyanın IT üzrə aparıcı xidmət və məhsul şirkətlərindən müxtəlif məruzəçilər də qatılıblar.
Forum çərçivəsində Mərkəzin üzvləri Özbəkistanın rəqəmsal texnologiyalar naziri Şerzod Şermatovla görüşüblər. Görüşdə Azərbaycan Prezidentinin Sərəncamı ilə elan edilmiş “Nizami İli” çərçivəsində Mərkəz tərəfindən nəşr olunan “Qələmin Sehri” - Nizami Gəncəvinin “Xəmsə”sindən seçilmiş əlyazmalar kitabı nazirə təqdim edilib.