Nizami rayonunda neft kəmərləri ətrafında baş verən yanğın söndürülüb
Bakı, 14 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Nizami rayonunun Pəhləvan Fərzəliyev küçəsində neft kəmərlərinin ətrafındakı quru ot və kol-kosdan ibarət sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində alovun genişlənməsinə, o cümlədən yaxınlıqdakı neft kəmərlərinə və elektrik naqillərinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində yol kənarında 250 kvadratmetr sahədə quru ot və kol-kos yanıb.
Yaxınlıqdan keçən neft kəmərləri və elektrik xətləri yanğından mühafizə olunub.