NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ AZƏRBAYCAN XALQINA TƏBRİK
Hörmətli soydaşlar!
Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə xoş arzularımı yetirirəm.
Novruz xalqımız tərəfindən qədim zamanlardan həmişə barışıq, dostluq, səmimiyyət, təmizlik və yeniləşmə əhval-ruhiyyəsi yaradan Bahar bayramı kimi qeyd olunub. Novruz təbiətin oyanışı ilə ürəklərdə saf niyyətlərin, xoş arzuların yarandığı bir bayram, insanla təbiətin bütövləşməsinin, harmoniyasının təcəssümü hesab olunur. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Azərbaycanın müstəqillik əldə etməsindən sonra Novruz bayramı dövlət səviyyəsində qeyd olunmağa başladı ki, bu da tarixi köklərə qayıdışın, milli-mənəvi dəyərlərə qayğının güclənməsini şərtləndirdi.
Xüsusi qeyd etməyə dəyər ki, Bahar bayramı kimi Novruz təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində böyük təntənə ilə qeyd olunur. Bu bayrama hər yerdə yenilik, nikbinlik, arzuların həyata keçməsi və həmrəylik vasitəsi kimi baxırlar.
Novruz bayramını hər kəsin öz ev-eşiyində, ocağı başında qeyd etməsi xalqımızın gözəl adətlərindəndir. Təəssüflər olsun ki, torpaqlarından didərgin salınmış, qaçqın və məcburi köçkünə çevrilmiş həmvətənlərimiz bayramı bu il də öz doğma yurdlarında qarşılaya bilmirlər. Əminəm ki, ata-baba ocağından didərgin düşmüş soydaşlarımızın bu bayramı öz doğma torpaqlarında qeyd edəcəyi gün uzaqda deyildir. Mən bayram münasibətilə qaçqın və məcburi köçkünləri, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda öz sağlamlığını itirmiş və əlil olmuş insanları, şəhid ailələrini, habelə sərhədlərimizin keşiyində duran, ölkəmizin müdafiəsini təmin edən əsgər və zabitləri təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.
Novruz həm də xarici ölkələrdə yaşayan azərbaycanlıların milli birlik bayramıdır. Ölkə hüdudlarından kənarda yaşayan bütün azərbaycanlılar bu bayramı böyük sevinc və qürurla qeyd edirlər. Novruz şənliklərində yaranan xoş ünsiyyət onları həm bir-biri ilə, həm də doğma Azərbaycanla daha sıx bağlayır, hər bir soydaşımızda milli mənlik şüurunu, azərbaycançılıq hisslərini və duyğularını gücləndirir. Bu bayram şənlikləri azərbaycanlıları Vətənə, ata-baba yurdları Azərbaycana, milli köklərə daha sıx bağlayır.
Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsasları yaradılmış və möhkəmləndirilmiş Azərbaycan dövləti getdikcə qüdrətlənir. Dövlət və cəmiyyət həyatının bütün sahələri qabaqcıl dünya standartlarına uyğunlaşdırılır, demokratik dəyərlər, insan hüquqları daha dolğun təmin olunur. İqtisadi sahədə inkişaf artır, əhalinin sosial rifahı yüksəlir.
Cəmiyyətimizdə milli birlik, sosial həmrəylik güclənir. Vətəndaşlarımızın nikbin əhval-ruhiyyəsi, sabaha inam hissi artır. Əhalinin ən müxtəlif təbəqələri, sosial qrupları arasında əməkdaşlıq və həmrəylik möhkəmlənir.
Ağrılı problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səyləri artırmışıq, bütün daxili imkanlardan, beynəlxalq hüququn gücündən istifadə edirik. Bizim mövqeyimiz qəti və prinsipialdır: Azərbaycanın suverenliyi, ərazi bütövlüyü təmin edilməli, regionda sabitlik və təhlükəsizlik qorunmalı, vətəndaşlarımızın pozulmuş hüquqları bərpa olunmalıdır. Dövlətimizin və xalqımızın gücü, birliyi, insanlarımızın əzmi və iradəsi məqsədlərimizə çatacağımıza bizdə tam əminlik yaradır.
Bu əziz bayram günündə hər bir azərbaycanlıya, hər bir ölkə vətəndaşına, onların ailələrinə bir daha səadət, firavanlıq, cansağlığı arzu edirəm və uğurlar diləyirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti.
19 mart 2004-cü il.