Novruz bayramının ilk günündə paytaxtda hava əsasən yağmursuz olacaq
Bakı, 19 mart, AZƏRTAC
Azərbaycanda martın 20-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7°, gündüz 10-13° isti, Bakıda gecə 5-7°, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 764 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Martın 20-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi şimal və qərb rayonlarında yağış yağacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-7°, gündüz 13-18° isti, dağlarda gecə 0-5°, gündüz 7-12° isti olacağı ehtimal edilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, martın 20-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru, dağlıq ərazilərdə yağıntılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8°, gündüz 13-18° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə havanın yağıntılı olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 7-12° isti olacağı proqnozlaşdırılır.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-7°, gündüz 12-17° isti olacağı bildirilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 8-13° isti olacağı ehtimal edilir.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 3-7°, gündüz 13-18° isti olacağı ehtimalı var.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-7°, gündüz 14-18° isti, dağlarda gecə 3-5°, gündüz 15-18° isti olacağı gözlənilir.