NÜMAYƏNDƏLİKDƏ ÜMUMMİLLİ LİDERİMİZİN XATİRƏSİ ANILMIŞDIR
Səfir Aqşin Mehdiyev Azərbaycanda dövlətçiliyin bərqərar olması və möhkəmlənməsi sahəsində Prezident Heydər Əliyevin əvəzsiz xidmətlərindən söhbət açaraq demişdir ki, bütün ömrünü xalqının işıqlı gələcəyinə həsr etmiş dahi insanın rəhbərliyi ilə hələ sovetlər birliyi dövründə Azərbaycanda böyük quruculuq işləri aparılmış, geridə qalan respublika qısa vaxtda qabaqcıllar sırasına çıxmış, öz simasını tamamilə dəyişmişdi. SSRİ dağılandan sonra isə yenicə müstəqillik əldə etmiş Azərbaycanı daxili və xarici qüvvələr sarsıtmağa çalışdığı ən ağır vaxtlarda xalqın tələbi və istəyi ilə yenidən hakimiyyətə qayıdan möhtərəm rəhbərimizin müdrik siyasəti sayəsində dövlət quruculuğu və iqtisadi islahatlar sahəsində əsaslı dönüş yaranmışdır.
Sonra ümummilli liderimizin dünyanın tanınmış siyasi xadimi olduğunu xatırladan səfir məhz Prezident Heydər Əliyevin məqsədyönlü xarici siyasəti sayəsində ölkəmizin tez bir zamanda beynəlxalq aləmdə böyük nüfuz qazandığını, eyni zamanda, Azərbaycanın Avropa Şurasına üzv qəbul edildiyini bildirmişdir. O, Azərbaycanla Fransa arasındakı dostluğun möhkəm təməlinin də böyük rəhbər tərəfindən qoyulduğunu vurğulamışdır.
Səfir, həmçinin xarici ölkələrdə Azərbaycan diasporunun formalaşması və fəaliyyətinin Prezidentimizin adı ilə bağlı olduğunu bildirmiş və çıxışının sonunda qeyd etmişdir ki, müdrik rəhbərimizin unudulmaz xatirəsi hər bir azərbaycanlının qəlbində daim yaşayacaqdır.