Nurlan İsmayılbəyli: Namizədlərin daha az işə qəbul olunduğu regionlar cənub bölgəsindədir
Bakı, 9 avqust, AZƏRTAC
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsində Azərbaycan bölməsi üzrə ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, fransız dili, alman dili, fiziki tərbiyə və texnologiya fənləri üzrə bütün vakant yerlər namizədlər tərəfindən tutulub.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib. Onun sözlərinə görə, namizədlər daha çox Bakı, Quba, Xaçmaz, Bərdə və Gədəbəy rayonlarında yerləşən vakant yerləri tutublar. Bildirib ki, namizədlərin daha az işə qəbul olunduğu regionlar cənub bölgəsini - Lerik, Yardımlı, Cəlilabad rayonlarını əhatə edir: “Həmçinin Bakı şəhəri üzrə rus bölməsində vakant yerlərin daha az tutulduğu müşahidə edilir.
Namizədlərin say baxımından daha çox yerləşdiyi vakansiyalar informatika, Azərbaycan dili və ədəbiyyat, musiqi fənlərini əhatə edir.
Daha az tutulan vakant yerlərin tutulduğu fənlər isə kimya, biologiya, musiqi və təsviri incəsənət kimi fənlərdir".
“Biologiya, riyaziyyat, kimya fənləri üzrə keçid balı toplayan namizədlərin sayı çox olsa da, əksəriyyətini Bakı, Abşeron yarımadasında yaşayn namizədlər əhatə edir. Təəssüf ki, onlar regionlardakı vakant yerlərdə işləməkdən imtina edirlər", - deyə Nurlan İsmayılbəyli əlavə edib.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə 5 660 namizəd dəvət olunub.
Müsahibələr avqustun 18-dək davam edəcək.
Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü proqrama uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.
Müsahibə mərhələsində uğur qazanmış namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar.