Nyu-Yorkda sosial media fenomeninin hədiyyə paylaması zamanı əlbəyaxa dava
Bakı, 5 avqust, AZƏRTAC
Nyu-Yorkun Manhetten şəhərində hədiyyə paylama tədbirində polislə iştirakçılar arasında dava düşüb.
AZƏRTAC ABŞ mətbuatına istinadla xəbər verir ki, məşhur yutuber Kai Cenat pərəstişkarlarına lotereya vasitəsilə bəzi pulsuz hədiyyələr paylayacağını elan etdikdən sonra Nyu-York Polisi (NYPD) qrupları sakitləşdirmək və kütləni dağıtmaq üçün əraziyə girişi qadağan edib.
Bir müddət sonra internet üzərindən yayımlanan “Twitch” adlı məzmun kanalında oyunlara qatılmaq imkanı yaradan oyun konsoluna sahib olmaq istəyən kütlə arasında mübahisə düşüb və bəziləri polisə hücum edib.
Hadisələrin təkrarlanmaması üçün polis əsasən 14-15 yaşlı gənclərin “Union Square” parkını tərk etmələrini xahiş edib. Polisin xəbərdarlığına qulaq asmayan bəzi gənclər və “Twitch” yayımçısı Cenat saxlanılıb. Ərazidə nəqliyyatın hərəkəti iflic vəziyyətə düşüb.
Qeyd edək ki, “Amazon.com, Inc”in törəmə şirkəti olan “Twitch” musiqi, kreativ məzmun, video oyunlar və elektron idmana yönəlmiş məzmunu ilə xüsusilə gənclər tərəfindən yaxından izlənilir.