Oğuzlu fermerlər bu il 250 hektar sahədə tütün yetişdirirlər
Oğuz, 12 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Oğuz rayonunun təsərrüfatlarında tütün əkini başa çatıb. Cari mövsümdə rayonda tütün əkini sahələri əvvəlki illə müqayisədə 60 hektar artırılaraq 250 hektara çatdırılıb. Oğuzlu fermerlər bu il 180 hektar sahədə “Virciniya” növlü ətirli, 70 hektarda isə yerli tütün sortları yetişdirirlər. Hazırda təsərrüfatlarda tütün əkinlərinə aqrotexniki qulluq işləri görülür.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyəti aparatının məsul nümayəndəsi Qəmzə Süleymanova məlumat verib.
Qurumun rəsmisi bildirib ki, rayonun təbii iqlim şəraiti tütünçülüyün inkişaf etdirilməsinə imkan verir. Dövlət tərəfindən tütünçülüyün inkişafına göstərilən diqqət və qayğı, subsidiyaların ayrılması, güzəştli şərtlərlə aqrolizinq xidmətlərinin göstərilməsi kənd əhalisinin bu gəlirli sahəyə marağını xeyli artırıb.
Rayonun Bucaq kəndindən olan fermer Rəftar Əhmədli tütünçülüklə ötən ildən məşğul olur. Fermer 2017-ci ildə ilk dəfə 43 hektar sahədə tütün yetişdirib, 44 tona yaxın quru tütün istehsal edib. İstehsalçı bu il tütün əkini sahələrini 2 hektar genişləndirərək 45 hektara çatdırıb. Fermer cari mövsümdə 50 ton quru tütün istehsal etməyi planlaşdırır. Rəftar Əhmədli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, tütünçülük gəlirli sahədir və dövlətimizin başçısının kənd təsərrüfatının ixrac potensialı yüksək olan sahələrinin inkişaf etdirilməsi ilə bağlı verdiyi tövsiyələri nəzərə alaraq, gələcəkdə əkin sahələrini daha da genişləndirməyi düşünür.