Okinava hökuməti bazanın yerdəyişməsi məsələsində Tokio və ABŞ ilə üçtərəfli danışıqlara çalışır
Tokio, 1 mart, AZƏRTAC
Okinava prefekturasının qubernatoru Denni Tamaki martın 1-də Tokioda Baş nazir Şinzo Abe ilə görüşərək ABŞ hərbi bazasının köçürülməsi barədə referendumun nəticələrini ona təqdim edib. Qubernator Baş naziri ABŞ ilə birlikdə üçtərəfli danışıqların təşkilinə çağırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.
Görüşdən sonra D.Tamaki jurnalistlərə bildirib ki, Baş nazir qubernatorun bu təklifinə birbaşa cavab verməsə də, onunla müzakirələri davam etdirmək niyyətində olduğunu deyib.
Xatırladaq ki, fevralın 24-də prefekturada keçirilən referendum nəticəsində seçicilərin 70 faizindən çoxu ABŞ hərbi bazasının Futenmadan Qinovan şəhərinin Henoko rayonuna köçürülməsinin əleyhinə səs verib. Referendumun nəticələrini Baş nazirə təqdim edən qubernator Henoko ərazisində torpaqtökmə işlərini dərhal dayandırmağı xahiş edib.
Qeyd edək ki, mərkəzi hökumət referendumun nəticələrindən asılı olmayaraq, Futenma bazasının yaratdığı təhlükənin aradan qaldırılması üçün onun Henoko rayonuna köçürülməsini vahid düzgün qərar adlandıraraq işin davam etdiriləcəyini bildirib. Qubernator ilə görüşdə isə Ş.Abe deyib ki, hökumət referendumun nəticələrinə çox ciddi yanaşır.
Həmin gün ABŞ-ın Yaponiyadakı səfirliyini ziyarət edən D.Tamaki referendumun nəticələrinin Prezident D.Trampa çatdırılmasını xahiş edib. Qubernatorun bildirdiyinə görə, səfir müavini Cozef Yanq referendumun nəticələrini səfir Uilyam Haqertiyə çatdıracağına vəd edib.
Xatırladaq ki, referendumun nəticələrinə görə, seçicilərin 71,7 faizi bazanın köçürülməsinin lehinə, 19 faizi əleyhinədir, 8,7 faizi isə bitərəf qalıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio