İDMAN
OLİMPİADADA İDMANÇILAR DOPİNQ QƏBUL ETMƏKDƏ İFŞA OLUNUR VƏ MEDALLARI ƏLLƏRİNDƏN ALINIR
Bazar günü Beynəlxalq Olimpiya Komitəsi Oyunların bürünc mükafatını qazanan yunanıstanlı ağırlıqqaldıran Leonidas Sampanisin dopinq yoxlaması müsbət nəticə verdiyinə görə onu bundan sonra yarışlara çıxmaq hüququndan və medaldan məhrum etmişdir. İndi onun bürünc medalı 4-cü nəticə göstərən İzrael Xose Rubioya (Venesuela) veriləcəkdir.
Rusiya komandasının da medalı geri alınmışdır. Yadro itələyən İrina Korjanenkonun dopinq nümunəsinin analizi onun qanında stanazolol olduğunu təsdiqləmişdir. Beləliklə, İrinanın qızıl medalı kubalı Yumileydi Kumbaya veriləcəkdir. Lakin o, bununla canını qurtarmamışdır. BOK onu yarışmaq hüququndan ömürlük məhrum etmişdir. Çünki Korjanenko 1999-cu il dünya çempionatında da dopinq qəbul etməkdə ifşa olunmuşdu.