İDMAN
OLİMPİYA MEDALLARINA NƏ QƏDƏR METAL SƏRF EDİLMİŞDİR?
Medallar aşkar yunan xarakteri daşıması ilə fərqlənir. Onların üz tərəfində Afinanın mərkəzindəki tarixi mərmər stadionun – 1896-cı ildə ilk, dirçəldilmiş Olimpiya oyunlarının keçirildiyi və hələ antik dövrlərdə mövcud olmuş stadionun meydanına enməyə hazırlaşan ilahə Nika təsvir edilmişdir. Arxa tərəfində isə Olimpiya məşəlinin və Oyunların embleminin təsviri verilmişdir. Onların arasında qədim yunan şairi Pindarın eramızdan əvvəl Egin adasından olan güləşçinin olimpiya qələbəsi şərəfinə qələmə aldığı səkkizinci odadan sətirlər yazılmışdır.
Olimpiya mükafatlarının görkəmi 1928-ci il Amsterdam Oyunlarından bəri ilk dəfə olaraq dəyişdirilmişdir. Onlarda ilahə Nika və əvvəlki medallarda daha çox Roma arenasını xatırladan stadion yeni təsvirdə verilmişdir. Sonrakı 10 Olimpiadada medalların məhz bu cür görkəmdə olması üçün Beynəlxalq Olimpiya Komitəsinin razılığı alınmışdır.