Ölkə üzrə 300 min başa yaxın iribuynuzlu heyvan identikləşdirilərək AQTİS-ə daxil edilib
Zaqatala, 22 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Respublikanın təsərrüfat subyektlərində hazırda mövcud olan 2,5 milyon başdan çox iribuynuzlu heyvanın indiyədək 300 min başa yaxını identikləşdirilərək Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə (AQTİS) daxil edilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Aparatının Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev məlumat verib.
Onun sözlərinə görə, hazırda respublika üzrə iribuynuzlu heyvandarlıq təsərrüfatlarının strukturuna 537 min 721 təsərrüfat subyekti daxildir. İribuynuzlu heyvanların 92 faizi 10 başadək heyvanı olan xırda təsərrüfatlarda cəmləşib. Bunun təxminən 39 faizi 1-2 baş, 30 faizə yaxını 3-4 baş, 20 faizi 5-9 baş, az bir hissəsi isə 50 başdan yuxarı heyvan saxlanılan təsərrüfatlardan ibarətdir. “Hazırda ölkəyə müxtəlif məqsədlərlə, yəni həm damazlıq, həm də kəsim məqsədilə idxal olunan heyvanların mənşə ölkəsində identikləşdirilməsi bir idxal şərti olaraq qoyulub və bu heyvanlar ölkəyə idxal olunan zamanı heyvanların identifikasiyası və qeydiyyatı sisteminə daxil edilir”,- deyə Qalib Əbdüləliyev vurğulayıb.