Ölkəyə qanunsuz yolla 73 kiloqram narkotik vasitə gətirən dəstənin üzvləri tutulub
Bakı, 5 avqust, AZƏRTAC
Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində Daxili İşlər Nazirliyi (DİN) əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir. Tədbirlərlə İrandan ölkəyə narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirən daha bir mütəşəkkil dəstə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bakı şəhəri ərazisində keçirilən əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlər nəticəsində 1987-ci il təvəllüdlü Naiq Hacıyev, eləcə də əvvəllər məhkum olunanlar - 1990-cı il təvəllüdlü Yusif Hüseynov və 1985-ci il təvəllüdlü Ramid Abdullayev saxlanılıblar. Şübhəli şəxslərdən və onlara məxsus ünvanlardan 21 kiloqram güclü təsirə malik narkotik vasitə heroin, 4 kiloqram tiryək, tərkibi psixotrop maddələrlə zənginləşdirilən 41 kiloqram qurudulmuş marixuana, 7 kiloqram metamfetamin olmaqla ümumilikdə 73 kiloqram narkotik vasitə və psixotrop maddə, həmçinin 1500 ədəd “Metadon” həbi aşkarlanıb.
N.Hacıyev, Y.Hüseynov və R.Abdullayevin qabaqcadan əlbir olmaqla narkotik vasitə və psixotrop maddələri İran vətəndaşı “Rza” adlı şəxsin vasitəsilə Qaradağ rayonu ərazisində yol kənarında gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdikləri məlum olub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, dəstə üzvləri barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.