OMBUDSMAN ƏMƏK VƏ ƏHALİNİN SOSIAL MÜDAFİƏSİ NAZİRLİYİNİN MÜƏSSİSƏLƏRİNDƏ OLMUŞDUR
Ombudsman aparatından AzərTac-a bildirmişlər ki, E.Süleymanova əhalinin əmək hüquqlarının təmin olunması və sosial problemlərin həlli istiqamətində mühüm işlər görüldüyünü qeyd etmişdir. Əmək və sosial hüquqların pozulması ilə bağlı müvəkkilin ünvanına daxil olmuş 162 ərizə və sorğu Əmək və Əhalinin Sosial Müdaiəsi Nazirliyinə göndərilmiş, görülmüş tədbirlər nəticəsində bu şikayətlərin müəyyən hissəsi müsbət həll edilmişdir.
Ombudsman bütün bunlarla yanaşı, bir sıra dövlət qurumlarının, yerli özünüidarə orqanlarının rəhbərləri, vəzifəli şəxslər tərəfindən insan hüquqlarının təmin edilməsi sahəsində nöqsanlara yol verildiyini, ayrı-ayrı vətəndaşların hüquqlarının pozulduğunu, ərizə və şikayətlərə baxıldıqda qeyri-obyektivliyə yol verildiyini vurğulamışdır.
Görüş zamanı əmək münasibətləri və əhalinin sosial müdafiəsi sahəsində mövcud olan bir sıra problemlərlə bağlı təkliflər irəli sürülmüş, fikir mübadiləsi aparılmışdır.
Əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev görüş zamanı qaldırılan mühüm problemlərə, irəli sürülən təkliflərə görə minnətdarlığını bildirmiş, bu məsələlərə diqqət yetirilməsinin vacibliyini qeyd etmişdir.