Ön səngərdə xidmət edən əsgərlərimizin əhval-ruhiyyəsi yüksək səviyyədədir
Bakı, 19 iyul, AZƏRTAC
Müqəddəs Ramazan bayramı münasibətilə hərbi hissələrdə keçirilən silsilə tədbirlər, görüşlər davam edir.
Ön səngərdə keçirilən tədbirdə Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani nazir, general-polkovnik Zakir Həsənovun bayram münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətinə təbrikini döyüşçülərə çatdırıb.
Döyüşçülər Müdafiə nazirinin təbrikini alqışlarla qarşılayıblar. Taqım komandiri leytenant Ələkbər Ələkbərli çıxış edərək bildirib ki, şəxsi heyət Müdafiə Nazirliyinin diqqət və qayğısının mərkəzindədir. Düşmənin bir neçə metrliyində yerləşən dayaq məntəqəsində xidmət üçün hər cür şərait yaradılıb, təminat yüksək səviyyədədir. Şəxsi heyət qarşıya qoyulmuş əmr, göstəriş, tapşırıq və vəzifələri layiqincə yerinə yetirir. Bir neçə gün öncə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqi isə düşmənlə təmas xəttindəki əsgər və zabitlərin döyüş ruhunu daha da artırıb. Xalqımız əmin ola bilər ki, Vətən torpaqları etibarlı şəkildə qorunur və işğal altındakı torpaqlarımız xalqımızın və ordumuzun birliyi, gücü ilə tezliklə azad ediləcək.
Sonra müdafiə nazirinin adından ön səngərdəki əsgərlərə bayram sovqatları təqdim olunub.
Bir neçə gün əvvəl düşmənin pilotsuz uçuş aparatını məhv etdiyinə görə qısamüddətli məzuniyyətə göndərilmiş əsgər İlkin Əliquliyevin yenidən ön səngərə xidmətə qayıtması bayram münasibətilə keçirilən görüşün iştirakçılarında xoş təəssüratlar yaradıb.
Polkovnik Elçin Kərimov, Qarabağ müharibəsi veteranı, “Azərbaycan Bayrağı” ordenli Sevindik İsmayılov və digər hərbi qulluqçular çıxış edərək dövlətimizin və xalqımızın təhlükəsizliyinin təminatı, milli mənəvi dəyərlərimizin qorunması naminə bundan sonra da ayıq-sayıq olacaqlarını bildiriblər.