OPERATİV NƏZARƏT İDARƏSİ YARADILMIŞDIR
Azərbaycan Prezidentinin “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” 28 sentyabr 2002-ci il tarixli Fərmanında ölkədə azad sahibkarlığın inkişafıni təmin etmək məqsədi ilə Vergilər Nazirliyinə də bir sıra mühüm tapşırıqlar verilmişdir.
Vergilər nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, həmin tapşırıqların icra edilməsi, vergi orqanlarının nəzarət funksiyalarının həyata keçirilməsi mexanizminin formalaşdırılması, onların fəaliyyətinin səmərəliliyinin artırılması, habelə sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınması və vergi idarəçiliyinin təkmilləşdirilməsi məqsədi ilə Bakı Şəhəri Baş Vergilər İdalrəsinin operativ nəzarətin təşkili və paytaxt rayonları, Gəncə və Sumqayıt şəhərləri vergilər idarələrinin operativ nəzarət şöbələri və rayon (şəhər) vergilər şöbələrinin operativ sahə nəzarəti bölmələri ləğv edilmişdir. Həmin əmrlə Bakı Şəhər Baş Vergilər İdarəsinin tərkibində Operativ nəzarət idarəsi yaradılmış və operativ nəzarət funksiyası bu orqanda mərkəzləşdirilmişdir.
Beləliklə, operativ nəzarət funksiyası yalnız Bakı Şəhəri Baş Vergilər İdarəsinin və ərazi vergilər idarələrinin müvafiq strukturunun səlahiyyətindədir və digər vergi xidməti bölmələrinin əməkdaşlarının obyektlərdə hər hansı yoxlama aparmağa ixtiyarı yoxdur. İş adamları əsassız yoxlamalarla qarşılaşdıqda, Vergilər Nazirliyinin aşağıda göstərilən telefonlarına müraciət edə bilərlər:
Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsi: 93-42-30, 38-82-56
Bakı Şəhəri Baş Vergilər İdarəsi: 40-43-18
Vergilər Nazirliyinin ərizə və şikayətlərin qeydiyyatı şöbəsi: 97-06-11
Vergilər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsi : 38-57-60.