REGİONLAR
Ordumuzun qələbəsi iyirmi səkkiz ilin ağrı-acısını birdəfəlik sildi
Hacıqabul, 11 noyabr, Mahir Babayev, AZƏRTAC
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu düşmənə qalib gəldi və qələbə çaldıq. Çox sevinirəm. Bu sevinc iyirmi səkkiz ilin bütün ağrı-acısını və kədərini birdəfəlik sildi.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Hacıqabul rayonundakı Heydər Əliyev Mərkəzinin baş fond mühafizəçisi Məhəmməd İsayev deyib.
O qeyd edib ki, indi bütün Azərbaycan xalqının sifətində gülüş, sevinc duyulur. Hamı bayram əhval-ruhiyyəsindədir. Fərəhli günlər yaşayırıq. Artıq şəhidlərimiz olmayacaq, ana və bacılarımız yaş axıtmayacaq. Bütün evlərdən, ailələrdən sevinc, gülüş, nəğmə səsləri eşidiləcək.
Bütün bunları Azərbaycan xalqına Müzəffər Ali Baş Komandan İlham Əliyev və Şanlı Ordumuzun igid əsgər və zabitləri bəxş etdi. Mən onlara çox sağ ol deyir, qarşılarında baş əyirəm.