Osama Alşafar: BƏƏ ilə Azərbaycanın ikitərəfli əlaqələri xalqlarımızın maraqlarına xidmət edir
Bakı, 11 aprel, AZƏRTAC
Aprelin 11-də Milli Məclisin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu və Birləşmiş Ərəb Əmirlikləri parlamentinin Azərbaycanla dostluq komitəsi arasında videokonfrans formatında görüş keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, videokonfransı açan Milli Məclisin BƏƏ ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Paşazadə Azərbaycanın BƏƏ ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb. Bildirib ki, keçirilən görüşlər, yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrin bütün istiqamətlərdə inkişafına təkan verir.
İkitərəfli əməkdaşlığın genişləndirilməsində qanunverici orqanların rolundan danışan işçi qrupun rəhbəri hər iki ölkə parlamentində dostluq qruplarının fəaliyyət göstərməsini yüksək qiymətləndirib, bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüb.
BƏƏ Federal Milli Şurasının Azərbaycanla dostluq komitəsinin rəhbəri Osama Alşafar ölkələrimiz arasında ikitərəfli əlaqələrin xalqlarımızın maraqlarına xidmət etdiyini bildirərək belə görüşlərin keçirilməsinin münasibətlərimizin inkişafı baxımından əhəmiyyətini vurğulayıb. O, parlamentlər səviyyəsində əlaqələrin iki ölkə arasında münasibətlərin inkişaf dinamikasına müsbət təsirini qeyd edib, bu sahədə qarşılıqlı fəaliyyətin genişləndirilməsinin vacibliyini bildirib.
Sonra çıxış edən Milli Məclisin BƏƏ ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Ceyhun Məmmədov və Soltan Məmmədov 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Zəfərlə ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsindən danışıblar. Diqqətə çatdırılıb ki, Ermənistan işğal dövründə Azərbaycan ərazilərində şəhər və kəndləri, maddi, mədəni, tarixi abidələri, o cümlədən məscidləri məhv edib, bütün infrastrukturu dağıdıb. Söhbət zamanı qarşı tərəfə Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi böyük quruculuq və bərpa layihələri barədə məlumat verilib.
Görüşdə BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşini ölkələrimiz arasında əlaqələrin uğurlu inkişafından məmnunluğunu bildirib, qarşılıqlı münasibətlərə dair fikirlərini bölüşüb.
Söhbət zamanı ölkələrimiz arasındakı strateji əlaqələrin daha da inkişaf etdirilməsi, parlament əməkdaşlığının möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.