Otto Hauzer: Beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzkar hərəkətlərinə münasibətdə dəqiq mövqe tutmalıdır
Bakı, 8 oktyabr, AZƏRTAC
Oktyabrın 6-da Ermənistan silahlı qüvvələri Bakı-Tbilisi-Ceyhan strateji boru kəmərini atəşə tutublar. Bundan əvvəl erməni ordusu Mingəçevirdəki elektrik stansiyasına zərbə endirməyə cəhd etmişdi. Raketlər, həmçinin Azərbaycanın ikinci böyük şəhəri, cəbhə xəttindən uzaqda yerləşən Gəncəyə də zərbələr endirib. Xatırladaq ki, Gəncənin bilavasitə yaxınlığında Göygöl şəhəri - XIX əsrin əvvəlində Azərbaycana köç etmiş və burada məskən salmış almanlar tərəfindən əsası qoyulan və Qafqazda Almaniya mədəni irsinin mühüm elementlərini özündə tərənnüm edən keçmiş Helenendorf şəhəri də yerləşir.
Bu barədə Azərbaycanın Almaniyadakı fəxri konsulu, AFR hökumətinin sabiq spikeri Otto Hauzer bildirib.
Otto Hauzer deyib: “Mülki vətəndaşlar arasında çoxsaylı qurbanlar, Azərbaycanın müstəsna əhəmiyyətli infrastrukturuna hərbi zərbələr, kasetli döyüş sursatlarının geniş yayılması və onlardan istifadə edilməsinin artıq təsdiqlənməsi Cenevrə Konvensiyasının müddəalarını kobud şəkildə pozur. Ermənistanın təcavüzkar hərəkətlərinə münasibətdə və erməni işğalçı qoşunlarının münaqişə zonasından dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin yerinə yetirilməsində beynəlxalq ictimaiyyətin dəqiq mövqe tutması xüsusilə vacibdir. Almaniya Federativ Respublikası Minsk qrupunun üzvü kimi yuxarıda xatırladılan qətnamələrin dərhal icrasına öz töhfəsini verə bilər və verməlidir”.