OVÇULUQ QAYDALARI SƏRTLƏŞDİRİLMƏLİDİR
Milli Məclisin aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov qanun layihəsini şərh edərkən demişdir ki, son illər ölkəmizin ərazisindəki vəhşi heyvan və quş növlərinin sayı xeyli azalmış, bəzilərinin kökü kəsilmək üzrədir. Bu da ölkədə ovçuluqla əlaqədar qanunun olmaması ilə birbaşa bağlıdır. Müzakirəyə çıxarılmış qanun layihəsi qəbul olunduqdan sonra Azərbaycan Respublikasının ərazisində ovçuluğun təşkilinin, ovçuluq fəaliyyətinin həyata keçirilməsinin, ovçuluq təsərrüfatının idarə edilməsinin, habelə ovçuluq obyektlərinin mühafizəsinin və istifadəsinin hüquqi əsaslarını müəyyən edəcəkdir.
Müzakirələr zamanı deputatlar qoruq və yasaqlıqların genişləndirilməsi, milli parkların yaradılması, eləcə də ovçuluq qaydalarının sərtləşdirilməsi ilə bağlı təkliflər vermişlər.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bəzi məsələlərə aydınlıq gətirərək demişdir: Son illər 3 milli park yaradılmış, daha bir neçəsinin yaradılması istiqamətində işlər davam edir. Əvvəldən mövcud olan digər parkların, qoruq və yasaqlıqların əraziləri isə genşləndirilmişdir.
Nazir ovçuluq qaydalarının sərtləşdirilməsi ilə bağlı təklifləri müsbət
qarşılamışdır.
Komissiya sədri Eldar İbrahimov da təkliflərə münasibət bildirdikdən sonra layihə birinci oxunuşda qəbul olunmuşdur.