“Öz məşəlini alovlandır!”
“Eurovision-2012” mahnı müsabiqəsinin qonaqları üçün müxtəlif turlar təşkil olunmuşdur
Bakı, 19 may (AZƏRTAC). “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı Azərbaycan mehmanxanaları artıq 5 mindən çox turistdən sifariş almışdır.
Bu barədə AZƏRTAC-a Azərbaycan Turizm Assosiasiyası (AzTA) idarə heyətinin sədri Nahid Bağırov məlumat vermişdir. Onun sözlərinə görə, bu rəqəm yalnız mehmanxanalarda qeydiyyatda olanların sayıdır. Amma fərdi evlərdə qalanların sayını dəqiqləşdirmək mümkün olmadığından, hələ ki, nə qədər turist gəldiyi bəlli deyil. Ümumilikdə isə əsas turist axını mayın 21-dən sonra gözlənilir. Müsabiqənin finalı keçiriləcək gündən bir gün əvvəl, yəni mayın 25-də isə daha çox insanın Azərbaycana gələcəyini proqnozlaşdırırıq. Çünki elə turist var ki, ancaq finala gəlmək istəyir. Ona görə də həmin günlərdə rekord sayda turist gözləyirik.
Nahid Bağırov Bakıda fəaliyyət göstərən mehmanxanalarda yer olmayacağı təqdirdə, gələn insanların gəmilərdə də yerləşdiriləcəyini demişdir. Onun sözlərinə görə, bu məqsədlə artıq üç gəmi ayrılmışdır. Həmin gəmilər sahildə - Yaxt-klubun yanında lövbər salmılşdır. Hər gəminin hər birində ən azı 100 nəfəri yerləşdirmək mümkündür.
AzTA sədri “Eurovision-2012” müsabiqəsinə gələn rəsmi nümayəndə heyətlərinin mehmanxanalarda yerləşdirilməsi prosesinin normal getdiyini bildirərək qeyd etmişdir ki, otellərdə kifayət qədər əlavə yerlər qalmışdır. Mayın 13-dən etibarən rəsmi nümayəndələr üçün turlar da təşkil olunmuşdur. Bəzi rəsmi nümayəndələr Bakı-Şamaxı-Qəbələ marşrutu üzrə yola çıxmışlar.
“Eurovision-2012” yarışmasına qatılan qonaqlara xidmət göstərmək üçün kifayət qədər bələdçi vardır. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Turizm İnstitutunda təşkil edilmiş bələdçi kurslarının 30-a yaxın dinləyicisi Bələdçilərin Dövlət Attestasiyası Komissiyası tərəfindən sertifikat almışdır. Onların hamısı AzTA tərəfindən tədbirlərə cəlb olunmuşdur. Bu bələdçilər müxtəlif marşrutlar üzrə qonaqları müşayiət edəcəklər.