Pakistan əsir düşmüş hindistanlı pilotu azad edib
Bakı, 1 mart, AZƏRTAC
Pakistanın hakimiyyət orqanları əsir düşmüş pilotu Hindistanın ölkədəki səfirliyinin nümayəndələrinə təhvil verib.
AZƏRTAC IANS informasiya agentliyinə istinadla xəbər verir ki, hazırda pilot Abhinandan Varthaman iki ölkə arasındakı Vaqa sərhəd-keçid məntəqəsindən Hindistan ərazisinə keçib.
Xatırladaq ki, fevralın 26-da Hindistan Hərbi Hava Qüvvələrinin 12 “Mirage-200” təyyarəsi Pakistan sərhədini 80 kilometr keçərək Balakot yaşayış məntəqəsi rayonunda “Ceyş-ə-Məhəmməd” qruplaşmasının düşərgəsinə hava zərbəsi endirmişdi. Bundan sonra Pakistanın Hərbi Hava Qüvvələri ölkənin hava məkanını pozan iki Hindistan təyyarəsini vurmuşdu. Təyyarələrdən biri Pakistanın nəzarətindəki Azad Cammu və Kəşmir əyalətinin ərazisinə düşmüş, pilot isə əsir götürülmüşdü.
Hindistanın müsəlmanların üstünlük təşkil etdiyi yeganə ştatı olan Cammu və Kəşmirdə uzun illərdir vəziyyət gərgin olaraq qalır. Qədim Kəşmir knyazlığının ərazisi 1947-ci ildən bəri Hindistan və Pakistan arasında mübahisə mövzusuna çevrilib. Hazırda Kəşmirdə dövlət sərhədi yoxdur və onun ərazisi təmas xətti ilə iki hissəyə bölünüb. “Ceyş-ə-Məhəmməd” Kəşmirin Hindistan hissəsində fəaliyyət göstərən və ştatın müstəqilliyi, həmçinin qonşu Pakistana birləşməsi uğrunda mübarizə aparan çoxsaylı qruplaşmalardan biridir.