DÜNYA
Papa Fransisk: Aralıq dənizində insani faciələrin təkrarlandığının şahidi oluruq
Vatikan, 8 iyul, AZƏRTAC
Aralıq dənizində baş verən qeyri-insani fəlakətlərdə günahsız insanların ölümü qulaqları kar edən fəryaddır.
AZƏRTAC xəbər verir ki, bunu Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk deyib.
Pontifik bildirib ki, on il əvvəl Aralıq dənizi sularında, Lampeduza adası sahillərində Afrikadan olan 300-dən çox kişi, qadın və uşağın basdırılması ən böyük faciələrdən biridir. 2013-cü ildən bəri bu “səssiz qırğınların” təkrarlanması dramatik sabitliyə çevrilib. Son aylarda yüzlərlə ölü, minlərlə itkin olub.
Papa Fransisk deyib: “Müharibələrdən və zorakılıqdan uzaq, daha dinc həyat axtarışında olan günahsız insanların, xüsusən uşaqların ölümü bizi laqeyd qoymayan ağrılı və qulaqbatırıcı bir fəryaddır. Çətin eniş-yoxuşlardan sonra dənizin mərhəməti ilə sahilə çıxanlara dəstəyimi ifadə etmək istəyirəm. Əfsuslar olsun ki, Aralıq dənizində hələ də ciddi faciələrin təkrarlandığının şahidi oluruq. Biz qarşısında çarəsiz və heyrətdə qaldığımız bu “səssiz qırğınlardan” sarsılırıq. Bu cür qeyri-insani fəlakətlərin törədilməsi mütləq şəkildə vicdanları sarsıtmalıdır”.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan