DÜNYA
Papa Fransisk ən uzun apostol səfərinə gedir
Vatikan, 2 sentyabr, AZƏRTAC
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk sentyabrın 2-dən 13-dək Asiya və Okeaniya arasında ən uzun apostol səfərinə yola düşür.
AZƏRTAC xəbər verir ki, Müqəddəs Taxt-Tacın sözçüsü Matteo Bruni pontifikin dörd ölkəni ziyarət edəcəyi səfərin təfərrüatından danışıb.
O bildirib ki, Roma Papası İndoneziya (2-6 sentyabr), Papua Yeni Qvineya (6-8 sentyabr), Timor-Leste (8-10 sentyabr) və Sinqapura (10-13 sentyabr) səfər edəcək. Fransisk səfər çərçivəsində sülh və yaradılış kimi müxtəlif mövzularda italyan və ispan dillərində 16 çıxış edəcək, Cakartada imamla birgə bəyannamə imzalayacaq.
Matteo Bruni on iki günlük səfərin 87 yaşlı pontifikin sağlamlığı üçün hər hansı narahatlıq yaratmadığını qeyd edib.
Papa Fransisk sayca 45-ci beynəlxalq apostol səfəri çərçivəsində iki qitə arasında ümumilikdə 33 min kilometrədək məsafə qət edəcək. O, indiyədək heç vaxt bu qədər uzun müddətdə Vatikandan kənarda olmayıb.
Qeyd edək ki, Papa II İohan Pavelin 1986-cı ildə Banqladeş, Sinqapur, Fici, Yeni Zelandiya və Avstraliyaya 13 günlük səfəri, qət etdiyi 48,9 min kilometr məsafə tarixdə rekord göstəricidir.
Fransisk, həmçinin VI Paul (1970-ci il) və II İohan Paveldən sonra Asiya və Okeaniyaya səfər edən üçüncü Papa olacaq.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan