İDMAN
Paralimpiyaçılar arasında stend atıcılığı üzrə turnir keçirilib
Bakı, 7 may, AZƏRTAC
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) 20 illik yubileyi münasibətilə Novxanı Atıcılıq Mərkəzində stend atıcılığının kompakt-sportinq növü üzrə turnir keçirilib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Atıcılıq Federasiyasının dəstəyi ilə keçirilmiş turnirdə beşi qadın olmaqla, 21 paralimpiyaçı idmançı iştirak edib.
Kişilərin yarışında Elşad Məmmədov, Amid Həsənquliyev, Əli Nəbiyev ilk üç yeri tutublar. Qadınların mübarizəsində isə Solmaz Səfərova, Vüsalə Kərimova və Bahar Şıxıyeva fəxri kürsüdə yer alıblar.
Qaliblərə kubok, diplom və medalları AMPK-nin birinci vitse-prezidenti Natiq Qasımov, baş katibi Afiq Suleymanov və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Rasim Rzayev təqdim ediblər.
Stend atıcılığı 2020-ci ildə Tokioda keçiriləcək XVI Yay Paralimpiya Oyunlarının proqramına daxil edilib. Buna görə də 2017-ci ildə Azərbaycan Milli Paralimpiya Komitəsinin nəzdində stend atıcılığı idman növü üzrə komandanın yaradılması planlaşdırılır.