PARİSDƏ ÇIXAN NÜFUZLU “SİTE” JURNALINDA “BAKI HAVASI”
Məqalənin əvvəlində səfəri üçün məhz nəyə görə Azərbaycanı seçdiyini açıqlamış müəllif göstərmişdir ki, son vaxtlar Fransa mətbuatında ölkəmizlə bağlı yazıların vaxtaşırı dərc edilməsi, respublikamızın beynəlxalq imicinin artması və nəhayət Fransada yaxından əlaqə saxladığı, ünsiyyət yaratdığı azərbaycanlıların öz vətənləri barədəki söhbətləri onun Azərbaycana marağını artırmış və nəhayət ötən il qızı ilə bərabər Bakıya səfər etməyə sövq etmişdir.
Fransız jurnalisti müstəqillik qazandıqdan sonra Azərbaycanın onun hüdudlarından çox-çox uzaqlarda yerləşən Fransada tanınmağa başladığını xüsusi vurğulamış, Qafqazda baş verən hadisələrlə son 15 il ərzində məşğul olduğunu diqqətə çatdırmış, Avropanın keçmiş ittifaq ölkələrində dövlət quruculuğunu və milli mənsubiyyətin formalaşması prosesini diqqətə izlədiyini qeyd etmişdir.
Bakının özünəməxsusluğunu xüsusi vurğulayan Bertran Rönuvən paytaxtımızın onun təsəvvür etdiyi kimi, heç də tamamilə Şərq şəhərlərinə bənzəmədiyini, Avropanın inkişaf etmiş ölkələrinin paytaxtlarından seçilmədiyini xatırlatmışdır. Bakının mərkəzindəki yaraşıqlı qədim binaların, xarici markalı minik maşınlarının, işıqlı və geniş mağazaların eynilə Parisdəkinə bənzədiyini, azərbaycanlı qadınların geyimlərinin Qərbi Avropanın nəhəng paytaxtlarının qadınlarınkından fərqlənmədiyini bildirmişdir. Azərbaycanın müsəlman qadın və qızlarının çadra örtməməsindən təəccüblənmiş müəllif yazmışdır ki, - Bakı coğrafi baxımdan “müsəlman dünyasında” yerləşsə də, burada dinin hegemonluğu hiss olunmur.
İstanbulu Bakı ilə müqayisə etmiş məqalə müəllifi Bakıdakı məscidlərin İstanbuldakı qədər çoxluq təşkil etmədiyini və onların minarələrinin o qədər də hündür olmadığını göstərmişdir. Şirvanşahlar sarayı, İçərişəhərlə tanışlığın onda Azərbaycanın zəngin qədim tarixə malik olması barədə xüsusi təəssürat yaratdığını bildirmiş B.Rönuvən, bəşəriyyətin maddi-mədəni irsi kimi dəyərləndirilmiş İçərişəhərə heyran olmasını gizlətməməklə yanaşı, onun ümumi kompleksinə xələl gətirən yeni tikintilərin aparılmasından təəssüf hissi keçirdiyini xüsusi vurğulamışdır.
Müəllif Bakının sonrakı dövrlərdə əsil müasir şəhərə çevrilməsi, Qərblə Şərq mədəniyyətlərinin kaloritlərini təcəssüm etdirməsi barədə fransız oxucularına ətraflı məlumat vermişdir.
Fransız jurnalisti möhtəşəm Qız qalası, Yanardağ, Dənizkənarı bulvar, şəhər ətrafında sıx meşəni xatırladan neft buruqlarından danışmış, Azərbaycanda Qərbi Avropa ölkələrində olduğu kimi, dünyəvi dövlət qurulduğunu göstərmişdir.
Xalqımızın milli bayramı Novruzun təntənəli şəkildə qeyd edildiyinə toxunan müəllif, onu işıq bayramı kimi qələmə vermiş və baharın ilk ayının dörd çərşənbəsində tədbirlər keçirildiyini söyləmişdir.
Azərbaycan dilindən bəhs edən B.Rönuvən, bu dilin sayəsində bütün Qafqaza səyahət etməyin mümkün olduğunu, İran və Türkiyədə bu dildə danışıldığını, ölkəmizi vaxtilə işğal etmiş rusların təkidi və təsiri ilə ərəb əlifbasından latına keçildiyini, daha sonra isə kiril əlifbasının qəbul edildiyini və müstəqillik bərpa olduqdan sonra yenidən latın əlifbasına qayıdıldığını qeyd etmiş, 1918-ci ildə Şərq dünyasında ilk demokratik dövlət qurulmasından, 1920-ci ildə bolşeviklər tərəfindən süquta uğradıldığını, açıqfikirli yüzlərlə azərbaycanlının repressiya qurbanı olmasından söhbət açmışdır.
Müəllif müstəqilliyə can atan xalq hərəkatını boğmaq məqsədi ilə 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıya yeridilmiş qaniçən Sovet ordusunun günahsız dinc əhaliyə divan tutmasından bəhs etmiş, 131 nəfərin vəhşicəsinə qətlə yetirildiyini, 744 nəfərin yaralandığını, həlak olanların şərəfinə Şəhidlər xiyabanının salındığını və ərazilərimizi işğal etmiş erməni ordusu ilə vuruşda qəhrəmancasına həlak olmuş Azərbaycan döyüşçülərinin də burada dəfn olunduğunu qeyd etmişdir.
Jurnalist Azərbaycanda xarici ölkələr, o cümlədən fransız ədəbiyyatının görkəmli nümayəndələrinin nəinki tanındığını, habelə onların əsərlərinin dilimizə tərcümə edildiyini bildirmiş, Viktor Hüqo, Alber Kamü, Anri Barbüs, Anatol Frans, Roman Rollan və digərlərinin azərbaycanlı oxucular tərəfindən tanınmasına, onların əsərlərinin həm originaldan, həm də tərcümədən oxunmasına və azərbaycanlı oxucular tərəfindən sevilməsinə təəccübünü gizlətməmişdir.
Azərbaycanlılarda vətənpərvərlik hissinin güclü olduğunu, ermənilər tərəfindən Dağlıq Qarabağın və ona bitişik ərazilərimizin işğalı ilə heç cür barışa bilmədiklərini açıqlamış fransız jurnalisti, məqalənin sonunda “Dağlıq Qarabağ” adı altında məlumat xarakterli yazı dərc etmişdir.
Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağın 1923-cü ildə muxtar vilayətə çevrildiyini və ərazisinin müəyyən hissəsinin dağlıq zonadan ibarət olduğunu qeyd etmiş müəllif, işğaldan əvvəl bu bölgədə ermənilərin çoxluq təşkil etdiyini ,Ermənistan tərəfindən qızışdırılan Dağlıq Qarabağın erməni əhalisinin 1988-ci ildə öz müqəddəratını təyin etmək iddiasına düşdüyünü və bununla bağlı referendum keçirdiyini, Ermənistanın işğalçılıq siyasətini başa düşmüş Azərbaycanın bununla heç cür barışmadığını, bundan sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin baş verdiyini, yeni ərazilər ələ keçirmək iddiasında olan Ermənistanın nəinki ermənilərin də yaşadığı Dağlıq Qarabağı, həmçinin əhalisi tamamilə azərbaycanlılar olan Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl və digər 7 rayonu işğal etdiklərini bildirmişdir. 1994-cü ilin may ayında hər iki tərəfin atəşkəs barədə razılığa gəldiyini diqqətə çəkmiş müəllif, Dağlıq Qarabağın “müstəqilliyi”nin heç bir beynəlxalq hüquq normalarına sığmadığını və dünya ölkələri tərəfindən tanınmadığını, Ermənistanın 14 min kvadratkilometr Azərbaycan ərazisini işğal altında saxladığını, bir milyondan artıq qaçqın və məcburi köçkünün ağır şəraitdə yaşadıqlarını və onların hüquqlarının pozulduğunu, münaqişənin sülh yolu ilə həll edilməsi üçün ATƏT-in Minsk qrupunun yaradıldığını və onun həmsədrlərindən birinin Fransa olduğunu açıqlamışdır.
Münaqişənin danışıqlar yolu ilə həllinə çalışan ölkəmizin bu sahədə göstərdiyi təşəbbüsləri təqdir etmiş B.Rönuvən, bu gün danışıqların dalana dirənməsinə diqqəti çəkmiş, Ermənistanın Çini, Mərkəzi Asiyanı, Türkiyəni, Qərbi Avropanı birləşdirən quru, su və neft ( Bakı-Tbilisi-Ceyhan neft kəməri nəzərdə tutulur) yolları üzərində yerləşən Bakıdan tamamilə təcrid olunduğunu, bir çox beynəlxalq müqavilələrdən kənarda qaldığını və bununla öz vəziyyətini ağırlaşdırdığını göstərmiş, Azərbaycanın istər iqtisadi, istərsə də siyasi sahədə Ermənistandan güclü olduğunu, Avropada, o cümlədən Fransada imicinin gündən-günə yüksəldiyini xüsusi qeyd etmişdir.
Ölkəmizə böyük maraq göstərən fransız jurnalisti Azərbaycan barədə yazacağı kitab üçün faktlar toplamaq məqsədi ilə bu yaxınlarda Bakıya, Gəncəyə və Naxçıvana səfər edəcəkdir.