Parisdə Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilmişdir
Paris, 28 fevral (AZƏRTAC). Azərbaycanın Fransadakı səfirliyinin və ölkəmizin YUNESKO yanındakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə fevralın 26-da Parisin möhtəşəm Madlen kilsəsində Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilmişdir.
İctimaiyyət nümayəndələri, Türkiyə və Macarıstanın YUNESKO yanındakı daimi nümayəndəlikləri rəhbərləri, Azərbaycan diasporu təmsilçiləri və tələbələrimizin iştirakı ilə keçirilən tədbiri kilsənin rəhbəri, baş keşiş Danyel Ponsar açaraq mərasimin məqsəd və vəzifələri barədə məlumat vermişdir.
Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş xocalıların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Xocalı faciəsinin əsas mahiyyəti - ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu diqqətə çəkmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini doğuran səbəblər və ermənilərin işğalçılıq siyasəti barədə məlumat vermişdir. Səfir XX əsrin qanlı səhifələrindən biri olan Xocalı faciəsinin insanlığa qarşı cinayət olduğunu xatırlatmış, bu günədək bəşəri faciəyə beynəlxalq təşkilatlar tərəfindən siyasi qiymət verilməməsindən təəssüf hissi keçirdiyini diqqətə çatdırmışdır.
E.Əmirbəyov Xocalı faciəsi ilə bağlı dünya ictimaiyyətinin hərtərəfli və dolğun məlumatlandırılmasının vacibliyini qeyd etmişdir.
Tədbirin sonunda Bax, Hendel və digər tanınmış bəstəkarların orqan musiqisi səsləndirilmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris