“PAŞA Holding” “Mandarin Oriental Bodrum Hotel”in səhmlərinin 50 faizinə sahib olub
Bakı, 13 yanvar, AZƏRTAC
“PAŞA Holding” Türkiyədə “Mandarin Oriental” lüks hotellər şəbəkəsinin idarə etdiyi və “Astaş Holding”ə daxil olan “Mandarin Oriental Bodrum Hotel”in səhmlərinin 50 faizinə sahib olub.
Holdinqin Korporativ kommunikasiyalar şöbəsindən AZƏRTAC-a bildiriblər ki, 2014-cü ildə “Astaş Holding” tərəfindən Bodruma gətirilən “Mandarin Oriental Bodrum Hotel” 132 yerləşdirmə vahidi ilə Beynəlxalq Otel Mükafatları tərəfindən Avropanın ən yaxşı lüks oteli mükafat layiq görülüb.
“Qrupumuzun uzunmüddətli investisiya strategiyalarında Türkiyənin əhəmiyyətli yeri var”, - deyə “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov bildirib. Cəlal Qasımov bir çox sahələr kimi, turizmdə də əhəmiyyətli potensialın olduğunu və bu sahədə mühüm layihələr həyata keçirən, bununla da ölkə turizminə və iqtisadiyyatına sanballı töhfələr verən “Astaş Holding” kimi bir qrupla tərəfdaşlıq etməkdən məmnunluğunu qeyd edib.
“Astaş Holding”in İdarə Heyətinin sədri Vedat Aşçı isə bu mühüm əməkdaşlıqla bağlı bildirib: “PAŞA Holding” Türkiyədə sərmayələri olan geniş perspektivli, möhkəm əsaslı qrupdur. İnanıram ki, brendlərimizə yaraşan bu mühüm tərəfdaşlıq ilə yaranacaq sinerji daha uğurlu və nümunəvi bizneslərə, yeni əməkdaşlıqlara səbəb olacaq”.
Qeyd edək ki, “PAŞA Holding” hazırda Azərbaycan, Türkiyə, Gürcüstan və Monteneqro bazarlarında faəliyyət göstərir.