Patrik Odin: Ümid edirəm ki, belə konsertlər müntəzəm təşkil olunacaq VİDEO
Lion, 10 noyabr, AZƏRTAC
Hər birimiz bəzi musiqi janrına digərlərindən daha çox üstünlük veririk. Caz, çox üstünlük verdiyim musiqi janrı deyil. Ancaq bu axşamkı konsertdə cazın başqa bir formasını- muğamla sintezini dinlədim və çox məmnun qaldım. Muğamla cazın sintezi çox peşəkarlıqla təqdim edildi.
Bu fikri AZƏRTAC-a müsahibəsində Azərbaycan-Fransa Dialoq Assosiasiyasının (ADFA) təqdimatında iştirak edən Lion sakini Patrik Odin söyləyib.
Bildirib ki, gənc bəstəkar və pianoçu Etibar Əsədlinin rəhbərlik etdiyi qrupun ifasında səslənən musiqilər son dərəcə yüksək məharətlə ifa olunub. Ümid edirəm ki, belə konsertlər müntəzəm təşkil ediləcək. Azərbaycan musiqisi çox gözəldir.
Azərbaycan səfirliyinə bu konsert proqramını təşkil etdiyinə görə təşəkkür edən Patrik Odin musiqiçilərin peşəkarlığından geniş söz açıb.
“Azərbaycanı yaxşı tanıyıram. Bir neçə il Bakıda Fransa səfirliyi nəzdində işləmişəm. İndi də müntəzəm olaraq Azərbaycana gedirəm. Ölkənizi çox sevirəm”, - deyə P. Odin vurğulayıb.
Qeyd edək ki, konsertdə E. Əsədlinin bəstələdiyi “İthaf”, “İslimi”, “Buta”, həmçinin “Qara qaşın vəsməsi” mahnıları və “Arşın mal alan” filmindən musiqilər səsləndirilib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Lion