Paytaxt məktəbində Autizm Maarifləndirmə Günü münasibətilə görüş keçirilib
Bakı, 4 aprel, AZƏRTAC
Paytaxtdakı 268 nömrəli Xüsusi Təhsil Məktəbində Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə Autizm Maarifləndirmə Günü münasibətilə maarifləndirici görüş keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, görüşün keçirilməsində əsas məqsəd cəmiyyətin diqqətini autizm spektr pozuntusu olan uşaqlara yönəltmək, onların təhsili və inkişafı üçün görülən işləri ictimaiyyətə çatdırmaqdır.
Tədbirdə Milli Məclisin deputatı Ceyhun Məmmədov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə, Şuranın katibi Günay Əkbərova və şura üzvləri, müxtəlif qurumların nümayəndələri, pedaqoqlar, şagirdlər və valideynlər iştirak ediblər.
Görüşdə çıxış edənlər ölkəmizdə xüsusi təhsilin inkişafı istiqamətində həyata keçirilən layihələrdən, bu kateqoriyadan olan uşaqların inkişafı üçün müasir metodların tətbiqinin vacibliyindən danışıb, cəmiyyətin bu prosesdə daha fəal iştirakının əhəmiyyətini qeyd ediblər.
Daha sonra pedaqoqlar, defektoloq-loqopedlər və valideynlərlə autizmli uşaqlar üçün təhsil imkanlarının genişləndirilməsi, müəllimlərin peşəkar inkişafı və yeni metodların tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallara aydınlıq gətirilib.