Paytaxt meriyasının layihəsinə Suraxanı rayonu da qoşuldu
Bakı, 10 iyul, AZƏRTAC
Prezident İlham Əliyevin kommunal sahədə islahatların genişləndirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq 4 ildir ki, Bakı Şəhər İcra Hakimiyyətinin və Böyük Britaniyanın “Mott MacDonald” şirkətinin birgə həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi hazırda uğurla davam etdirilir.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Nərimanov rayonunda icrasına başlanan layihənin həyata keçirilməsində əldə edilən müsbət nəticələr mərhələli şəkildə paytaxtın daha 6 rayonunun - Nizami, Nəsimi, Yasamal, Xətai, Pirallahı və Səbail rayonlarının da bu işlərə qoşulmasına imkan verdi.
Bir neçə gündən sonra - iyulun 12-də Bakının Suraxanı rayonunda da layihənin icrasına başlanması nəzərdə tutulub. Layihəyə yeni qoşulacaq Suraxanı rayonunda hazırlıq işləri çərçivəsində əvvəlcə 700-ə yaxın konteyner meydançası yaradılıb. Bu meydançalara ilkin mərhələdə 4000-dən çox yaşıl və narıncı rənglərdə yeni, müasir konteynerlər quraşdırılır və əraziyə cavabdeh şəxslər təyin olunur.
Sakinlərin maarifləndirilməsinə xüsusi diqqət ayrılan bu layihə çərçivəsində Suraxanı rayonunun məhəllə və həyətlərində, qəsəbələrində görüşlər keçirilir. Bu işlərə Bakı Şəhər və Suraxanı Rayon İcra hakimiyyətlərinin rəhbər işçiləri, bələdiyyə və təsərrüfat xidmətlərinin işçiləri, gənclər və könüllülər cəlb ediliblər. Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi arasında imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən İctimai Birliyin könüllüləri maarifləndirmə işlərinə yaxından dəstək verirlər.
Layihənin vətəndaşlara izahı məqsədilə müvafiq qurumların əməkdaşları və könüllülər sakinlərlə görüşür, mənzillərə yaşıl və narıncı rəngli paketlər, izahedici bukletlər paylayır, məhəllələrdə və binaların bloklarında maarifləndirici posterlər yapışdırırlar.
Xatırladaq ki, layihənin həyata keçirilməsi üçün ölkə Prezidentinin ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün müasir tələblərə tam cavab verən 104 ədəd yeni avtonəqliyyat vasitəsi və mexanizmləri alınaraq xidmətlərin istifadəsinə verilib və bu proses davam edir.
Qeyd edək ki, son illərdə kommunal sahədə həyata keçirilən tədbirlər nəticəsində paytaxt Bakı şəhəri çox təmiz və abad şəhərə çevrilib. Bu layihənin uğurla həyata keçirilməsi Bakı şəhərinin təmiz saxlanılmasına, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına, ekoloji mədəniyyətin formalaşmasına, iqtisadi səmərənin əldə olunmasına xidmət edəcək.