Paytaxtda “yaşıl hibrid dəhlizlər” yaradılacaq
Bakı, 9 oktyabr, AZƏRTAC
Paytaxtda “yaşıl hibrid dəhlizlər” yaradılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə ictimaiyyətə təqdim olunan Bakı şəhərinin Baş planının layihəsində deyilir.
Bildirilir ki, “yaşıl hibrid dəhlizlər” Bakının Baş planının əsas konseptual yanaşmalarından olmaqla aşağıda qeyd edilən müxtəlif funksiyaları özündə birləşdirir:
- şəhər ərazisində sərbəst hava axınının təmin olunması ilə hava keyfiyyətinin və mikroiqlimin yaxşılaşdırılması;
- piyada yolları infrastrukturunun genişləndirilməsi ilə şəhər ərazilərinin bir-biri ilə əlaqələndirilməsi, habelə piyada hərəkətliliyi və velosiped nəqliyyatından istifadənin təşviqi;
- yaşıllıq sahələrinin genişləndirilməsi və əlavə “yaşıl” istirahət məkanlarının yaradılması;
- yeni mühəndis-kommunikasiya xətlərinin və qurğularının (məsələn, sutoplayıcı hövzələr) inşası üçün ərazi planlaşdırılması həllərinin verilməsi.
Paytaxt ərazisində coğrafi yerləşmə mövqeyindən asılı olaraq iki növ “yaşıl hibrid dəhliz”lərin yaradılması təklif olunur:
- şəhərdaxili hibrid dəhlizlər: mövcud küçə-yol şəbəkəsinin və ya dəmir yolu xətlərinin hərəkətlilik funksiyasını qoruyub saxlamaqla onların ətrafında cəlbedici yaşıllıq zolaqlarının salınması ilə əraziyə əlavə dəyərin verilməsi;
- şəhərxarici hibrid dəhlizlər: Mərkəzi Bakını şəhərətrafı ərazilərdə yerləşən alt-mərkəzlərlə birləşdirən geniş yaşıl zolaqların salınması.
Nümunə: Şəhərxarici “yaşıl hibrid dəhliz” (Xocasən - Lökbatan)
Xocasən gölünün təmizlənməsi üzrə layihənin icrası “Xocasən - Lökbatan dəhlizi”nin inkişafı üçün əlverişli şərait yaradır. Mövcud konsepsiyaya gölün şimal hissəsindəki neft hasilatı işlərinin dayandırılması, ərazilərin təmizlənməsi, kanalizasiya sisteminin yenidən qurulması və ərazidə yeni dəmir yolu stansiyasının yaradılması daxildir.
Dəhlizboyu əsas yerli bitki növlərinin yetişdiriləcəyi yeni Nəbatat Parkının yaradılması nəzərdə tutulur. Hibrid dəhlizin cənub hissəsində yerləşən Qu gölü ərazisinin tarixən köçəri quşların qışlama məskəni kimi təşəkkül tapdığını nəzərə alaraq ərazidə turistik marşrutların təşkil olunması da mümkündür.