Pekində 1-ci Dünya Çinşünaslar Konfransı keçirilib
Pekin, 7 iyul, AZƏRTAC
Pekində 1-ci Dünya Çinşünaslar Konfransı və 3-cü Sivilizasiyalararası Dialoq Konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirlərdə Azərbaycanı Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar şurasının sədri, professor Hamlet İsaxanlı və Pekin Xarici Dillər Universiteti Azərbaycan dili kafedrasının müdiri, Xəzər Universiteti Çin Tədqiqatlar Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev təmsil ediblər.
Açılış mərasimində Çin Xalq Respublikasının Sədri Si Cinpinin konfrans iştirakçılarına təbrik məktubu oxunub. Məktubda qlobal dialoq, mədəni mübadilə, sivilizasiyalararası əlaqə, qarşılıqlı anlaşmanın müasir dövrümüzdə vacib olduğu xüsusi vurğulanıb, Çinin dünyanın bütün ölkələri ilə mədəni əlaqələrin inkişaf etdirmək istəyi qeyd olunub.
Çin Xalq Respublikasının Sədr müavini Han Cen açılış mərasimində çıxış edərək dünya xalqlarının mədəni dəyərlərinin öyrənilməsinin vacibliyindən və qarşılıqlı şəkildə qorunub təbliğ olunmasının önəmini qeyd edib, bu xüsusda Çinin dünya ölkələri ilə əməkdaşlığa hər zaman açıq olduğu vurğulayıb.
Pekin və Çindao şəhərində təşkil olunmuş konfrans çərçivəsində universitetlər və elmi təşkilatlar arasında görüşlər keçirilib. 71 ölkədən yüzdən çox alimin qatıldığı konfrans çərçivəsində keçirilmiş müxtəlif formatda tədbirlərdə Azərbaycan təmsilçiləri elmi məruzə ilə çıxış ediblər. Professor Hamlet İsaxanlı Azərbaycan və Yaxın Şərq ədəbiyyatında Çin motivləri haqqında araşdırmasını iştirakçıların diqqətinə çatdırıb. Qədim ədəbiyyatımızda Çin motivlərinin özünü geniş şəkildə büruzə verməsinin Azərbaycan-Çin mədəni əlaqələrinin qədimliyindən xəbər verdiyi vurğulanıb. Aqşin Əliyev mədəniyyətlərarası tərcümə mübadiləsi fonunda Azərbaycan-Çin tərcümə əməkdaşlığının mövcud vəziyyəti, çağırışları və gözləntiləri barədə danışıb.
Konfransda, ümumilikdə yüzə yaxın elmi mühazirə dinlənilib, müxtəlif ölkələrin alimləri arasında elmi-mədəni əlaqələrin dərinləşməsi yönündə fikir mübadiləsi aparılıb və müvafiq qərarlar qəbul edilib.
Qeyd edək ki, konfrans Çin Beynəlxalq Mübadilə Assosiasiyası və Dünya Çinşünaslıq Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Konfrans çərçivəsində Çinqdao şəhərində Azərbaycan Çinşünaslıq Mərkəzi təsis açılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin