Politoloq: “Blokada” ssenarisinin arxasında riyakar siyasət və məkrli məqsədlər dayanır
Bakı, 15 avqust, AZƏRTAC
Avropa İttifaqı 30 ilə yaxın işğal dövründəki susqunluğunu normallaşma prosesi istiqamətində vasitəçilik missiyasını təklif etməklə pozdu. Avropa İttifaqı Brüssel formatı ilə qismən olsa da, regionda sülh quruculuğu prosesində maraqlı olduğunu nümayiş etdirmişdi.
Amma çox təəssüflər olsun ki, bu format çərçivəsində əldə olunmuş razılıqların həyata keçirilməsi ilə bağlı qətiyyətdə olduğu kimi nümayiş etdirilən “xoş niyyətin” də ömrü qısa oldu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi politoloq Aytən Qurbanova söyləyib.
Politoloqun sözlərinə görə, əslində, Avropa İttifaqının Ermənistana “mülki” adı altında göndərdiyi missiya bu təşkilatın riyakar siyasətinin ilkin təcəssümü idi. Heç şübhəsiz ki, daha sonra verilən qərəzli bəyanatların və “blokada” ssenarisinin arxasında da məhz eyni riyakar siyasət və məkrli məqsədlər dayanır. Belə ki, bu missiya artıq sərhəddə baş verən hadisələrin də birbaşa təşkilatçısı qismində çıxış etməyə başlayıb.
“Çünki “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsindən gündəlik keçidi aydın şəkildə müşahidə etmək imkanı olan belə missiyanın erməni tərəfinin yalançı “blokada” hekayələrini qlobal media qurumlarına ötürməsi anlaşılan deyil. Missiyanın separatçı qüvvələrin sərhəddə hərbi texnika yığmasını dəstəkləməsinin hər hansı başqa məntiqi izahı və ya “mülki məqsədi” ola bilməz. Demək ki, ilk gündən əsas məqsəd bir tərəfdən sülh masasında riyakar xoş niyyət nümayiş etdirmək, digər tərəfdən isə işğalçı Ermənistanın gizli şəkildə hərbiləşdirilməsinə dəstək vermək olub”, - deyə Aytən Qurbanova vurğulayıb.
Politoloqun sözlərinə görə, bu da bir daha sübut edir ki, Fransa başda olmaqla Avropanın bir çox dövlətlərinin başlıca hədəfi Ermənistanın alət funksiyası vasitəsilə sülh quruculuğu prosesini uzatmaq və hərbi qarşıdurmaları təşviq etməklə növbəti bir “missiya” adı altında regiona nüfuz etməkdir.