Politoloq: Dövlətimizin başçısının son müsahibəsində qlobal çağırışlar yer aldı
Bakı, 13 yanvar, AZƏRTAC
Dövlətimizin başçısının son müsahibəsində Rusiya-Ukrayna müharibəsi fonunda ölkəmizin hüdudlarından kənarda formalaşan yeni təhdidlərə, risklərə toxunaraq, dünyada sülhə təhdid yaradan amilləri aradan qaldırmaq, mübahisəli məsələləri dinc şəkildə tənzimləmək və təcavüzkar siyasətin qarşısını almaqdan ötrü təsis edilmiş beynəlxalq təşkilatların, xüsusilə də BMT Təhlükəsizlik Şurasının (TŞ) funksional olaraq yenidən öz fəaliyyətinə nəzər salınmasına dair qlobal çağırışlar yer aldı. BMT Nizamnaməsinin 25-ci maddəsi: “Birləşmiş Millətlərin üzvləri razılaşırlar ki, bu Nizamnaməyə uyğun olaraq TŞ-nin qərarlarına tabe olsunlar və yerinə yetirsinlər”. Azərbaycan torpaqlarının beşdəbir hissəsini 28 il ərzində işğal altında saxlayan Ermənistan BMT TŞ-nin dörd qətnaməsini icra etmədi. Danışıqlar prosesində məlum qətnamələrin qeyd-şərtsiz həyata keçməsinin vacibliyi isə ümumiyyətlə, qeyd olunmurdu. Sülh danışıqlarına hər vəchlə zərbə vuran, beynəlxalq qanunlara məhəl qoymayan Ermənistanın təcavüzkar siyasətinə son qoymaq üçün Azərbaycan hərbi yolla TŞ-nin qətnamələrini reallaşdıraraq öz ərazi bütövlüyünü bərpa etdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Tural Əliyev söyləyib.
Tural Əliyev deyib: “Azərbaycan Prezidenti 44 günlük Vətən müharibəsinin yeni reallıq yaratdığını, beynəlxalq hüquqi mexanizmlərin işlək olmadığını, ənənəvi təsisatların səmərəli qaydada fəaliyyət göstərmədiyini, hazırda Rusiya-Ukrayna müharibəsinin də buna əyani sübut olduğunu qeyd etməklə yeni dünya düzəninə ehtiyac yarandığını bir daha vurğulayıb. Faktiki etiraf olunmasa da üçüncü dünya müharibəsi başqa bir formada gedir və bu müharibənin sonunda yeni qərarların təsis olunacağı, dünyanın mənzərəsinin dəyişəcəyi gözlənilir. Azərbaycan da qlobal dünyanın bir parçasıdır, baş verə biləcək təhdidlərdən qorunmaq üçün düzgün hesablanmış xarici və hərbi siyasət aparılmaqdadır. Məhz balanslı diplomatiyanın məntiqli nəticəsidir ki, Azərbaycanın Qarabağ üzərində suveren hüququ istər müharibə, istər postmüharibə dönəmində dünyanın aparıcı dövlətləri tərəfindən tanındı”.
Politoloq qeyd edib ki, yeni dünya düzənində İkinci Dünya müharibəsindən sonra yaranmış BMT TŞ-nin formatında dəyişiklik labüddür, artıq köhnə qaydalar işə yaramır. Azərbaycanın təklif etdiyi model Şuranın daimi üzvlərinin artırılması, ən azı bir müsəlman ölkəsi orada təmsil olunmalı, Qoşulmama Hərəkatına sədrlik edən dövlətin də daimi seçim haqqı tanınmalıdır. Digər beş daimi üzv kimi veto hüququ bərabər şəkildə özündə əks olunmalıdır. Dövlətimizin başçısının hər çıxışını özünəməxsus, sağlam məntiqə əsaslanmayan interpretasiyalar edən Ermənistan və onun havadarları bəzi media orqanlarında manipulyativ təhlillər apararaq dünya ictimaiyyətinin fikirlərini başqa səmtə istiqamətləndirməyə çalışırlar. Çünki Azərbaycanın qələbə qazanmasını qəbul etməyən və regionda yaranmış yeni geosiyasi konfiqurasiyada yer ala bilməyən bəzi oyunçular həqiqəti bildiklərinə rəğmən, destruktiv davranışlar sərgiləməklə yanaşı, sülhün bərqərar olunmasına maneçilik törətmək niyyətlərini açıq şəkildə büruzə verməkdədir. Bu səbəblərdən irəli gələn Azərbaycan ədalətə dayanaraq beynəlxalq qurumların təşkili prosesində güc amilinin də nəzərə alınacağını rasional olaraq proqnozlaşdırmaqda haqlıdır.
“Bütün dünyada qütbləşən və böhranın dərinləşdiyi bir zamanda Azərbaycan strateji hədəflər müəyyənləşdirib, bu hədəflərə doğru addımlamaq yolunda tamamilə xülyalardan uzaq, mövcud reallıqlara uyğun milli maraqların təmin olunması çərçivəsində imkanlardan maksimum ehtiyatla faydalanmaq kimi prinsipial məqsədlər qarşıya qoyulub”, - deyə Tural Əliyev vurğulayıb.