Politoloq: Ermənistan sülhdən yayınmaq üçün bütün təxribatlara əl atır
Bakı, 13 aprel, AZƏRTAC
Ermənistan uzun müddətdir Azərbaycana qarşı sistematik şəkildə müharibə təhdidləri həyata keçirirdi. Bütün təhlillər də göstərirdi ki, Ermənistan yeni müharibəyə hazırlaşdırılır və qızışdırılır. İnsidentlər Ermənistan ərazilərində Avropa İttifaqının müşahidə missiyası adı altında Fransa casus və kəşfiyyat şəbəkəsi peyda olandan sonra bu hadisələr baş verdi.
Bu, Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilmiş növbəti təxribatdır. Strateji əhəmiyyət kəsb etməyən obyektdə korpus komandirinin olması aydın şəkildə göstərdi ki, təxribat Ermənistanın hərbi rəhbərliyinin bilavasitə nəzarətində olub. Prosesdə Ermənistan birbaşa məsuliyyət daşıyır. Eyni zamanda, bu günə qədər sülhün təmin olunmağı üçün heç nə etməyən qüvvələr də ciddi məsuliyyət daşıyır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov söyləyib.
Politoloqun fikrilərinə görə, Ermənistan Aİ missiyasının ölkədə olduğuna güvənərək ümid edirdi ki, bu həmlə ilə Azərbaycanı günahkar qismində göstərmək mümkün olacaq. Ancaq düşmən ölkə istəyinə nail ola bilmədi və indi təxribatına izahat vermək məcburiyyətindədir. Bu təxribat danışıqlar prosesində müəyyən pozitiv meyillərin olduğu, hətta gündəlikdə tərəflərin danışıqları davam etdirmək üçün Vaşinqtona dəvət olunacağı məsələsi olduğu bir dövrdə baş verdi. Bu, onu göstərir ki, Ermənistan həmişəki kimi problemin aradan qaldırılmasında deyil, onun daha da dərinləşməsində maraqlıdır. Ermənistanın niyyətləri gerçəkləşmədi və əks tərəf növbəti dəfə layiqli cavabını aldı. Şəhidlərimizin qanı yerdə qalmadı, Ermənistan ordusu daha çox itki verdi.
"Bu hadisəyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistan hakimiyyəti başa düşməlidir ki, müxtəlif qüvvələrin dəstəyini əldə edib öz məqsədlərini gerçəkləşdirəcəyinə ümid etməsin. Həmçinin ardıcıl təxribatlar yolunu davam etdirməkdənsə, mövcud reallıqlarla barışıb sülh müqaviləsi üzərində işləri davam etdirsə, həm Ermənistan dövləti, həm də erməni xalqı üçün daha yaxşı olar.
Hesab edirəm ki, artıq sülhdən başqa heç bir yolun qalmadığını Ermənistan yaxşı başa düşür. Əslində Nikol Paşinyanın bu yaxınlarda etiraf etdiyi bir məsələ var idi ki, Azərbaycanla sülh Azərbaycandan çox Ermənistana lazımdır. Amma hadisələr bu fonda davam edir ki, xarici güc faktorları Ermənistanın Azərbaycanla sülhə gələcəyi təqdirdə, Ermənistandan ölkəmizə və Türkiyəyə qarşı istifadə etmək meyarlarının yoxa çıxacağını yaxşı bilirlər. Ona görə də regionda gərginliyin qalmağında maraqlarını ifadə edərək Ermənistanı qızışdırmağa davam edirlər", -deyə T.İsmayılov vurğulayıb.
O bildirib ki, dünən Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlar, İran tərəfindən ölkəmizə sistematik şəkildə həyata keçirilən təxribatlarla eyni və paralel baş verir. Bir tərəfdən İran ölkəmizə qarşı informasiya müharibəsi aparır və Azərbaycana qarşı açıq düşmənçilik nümayiş etdirir. Paralel olaraq isə Ermənistan da eyni üslubu davam etdirərək dövlətimizə qarşı müxtəlif təxribatlar reallaşdırır. İran bizə qarşı təxribatlarının artdığı son dövrlərdə paralel olaraq Ermənistanın cəbhə bölgəsində dəfələrlə gərginlik yaratdığının şahidi olmuşuq. Bu aspektdən də hesab edirəm ki, İranla Ermənistanın Azərbaycanla Türkiyə faktoruna qarşı birlik nümayiş etdirməsi bizim üçün təsadüfi xarakter daşımır. Lakin istənilən halda İranın Ermənistanla birlikdə addımlar atması bu iki ölkə üçün heç bir pozitiv nüans vəd etmir.
Politoloq əlavə edib ki, bu hadisələrin başvermə ardıcıllığı kifayət qədər maraqlıdır. Daha əvvəl Ermənistan sülhlə bağlı mesajlar verirdi. Lakin Ermənistan ərazisində Avropa İttifaqının müşahidə missiyası adı altında Fransanın casus şəbəkəsi fəaliyyətə başladıqdan sonra vəziyyət daha da gərginləşməyə, qızışmağa başladı. Məhz həmin missiyanın işə başlamasından sonra Ermənistan tərəfindən həm provokativ açıqlamalar verildi, həm şərti sərhəddə və digər bölgələrdə silah səsləri eşidildi.
“Hesab edirəm ki, Xankəndidəki separatçıların ömrünün bitməyinə çox az qalıb. Çünki Azərbaycanın davamlı sülh çağırışlarına rəğmən biz görürük ki, Xankəndi və ətrafdakı tör-töküntülər təxribatlara davam edir. Xankəndidə Azərbaycan vətəndaşı olmalı olan erməni əsilli insanların cəmiyyətimizə reinteqrasiyası prosesinə mane olmağa çalışır. Bütün baş verən hadisələr antiterror əməliyyatı tez bir zamanda həyata keçiriləcəyini deməyə əsas verir”, - deyə T.İsmayılov qeyd edib.