Politoloq: Ermənistanın və Fransanın BMT Təhlükəsizlik Şurasına ümidləri boşa çıxdı
Bakı, 17 avqust, AZƏRTAC
Ermənistan BMT Təhlükəsizlik Şurasının ötən gün keçirilən iclasında ölkəmizi etnik təmizləmə siyasətində, soyqırımıda, həmçinin guya Qarabağda yaşayan erməniləri “blokada” şəraitində saxlamaqda günahlandırmaq, bu əsassız ittihamlar əsasında Azərbaycana qarşı hüquqi zəmin yaratmaq istəyirdi. Onlar bununla Qarabağdakı ermənilərin Azərbaycandan ayrılması prinsipini həyata keçirməyə ümid edirdilər. Bu, olduqca təhlükəli bir addım idi. Amma Azərbaycan asan olmasa da, Ermənistan və Fransa kimi ermənipərəst qüvvələr qarşısında böyük qələbə qazandı. Maraqlı məqam ondan ibarətdir ki, Təhlükəsizlik Şurasının iclasında 15 ölkənin nümayəndələrinin çıxışı dünyanın koalisiyalardan ibarət olduğunu bir daha sübut etdi. Belə ki, ABŞ, Fransa, Rusiya, Çin planetin bir çox ölkəsinə təsir gücünə malikdir. Misal üçün, dünənki çıxışlara diqqət yetirsək, Rusiya və Fransanın arqumentləri bəzi digər dövlətlər tərəfindən də səsləndirildi. Ermənistan üçün isə gözlənilməz məqam Braziliyanın və Albaniyanın Azərbaycanı dəstəkləməsi oldu. Tirananın Kosovo məsələsinə görə Bakı və İrəvan arasında bitərəf qalacağını düşünən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rəsmi Bakının Balkanlarla siyasi, iqtisadi və strateji müttəfiqliyini nəzərə almamışdı. Həm Braziliyanın, həm də Albaniyanın “Xankəndi”, “Azərbaycanın ərazi bütövlüyü” ifadələrini işlətməsi sözsüz ki, təqdirəlayiq idi.
Bu sözləri Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq Zaur Məmmədov AZƏRTAC-a açıqlamasında söyləyib.
Politoloqun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasında çıxış edən ölkələrin nümayəndələri arasında ən neytral mövqeni Çin sərgilədi, Britaniya da qismən orta mövqe tutdu. Fransanın mövqeyi haqqında əlavə söz deməyə ehtiyac yoxdur. Rəsmi Parisin BMT-dəki nümayəndəsinin diplomatik etikadan kənara çıxaraq toxunduğu məsələlər, əlbəttə ki, ermənipərəst mövqenin göstəricisi idi. Lakin Fransa və Maltadan başqa Ermənistanın mövqeyini tam dəstəkləyən üçüncü belə çıxış olmadı.
Z.Məmmədov bildirib ki, danışıqlar prosesində tərəflərdən olan Rusiyanın təmsilçisinin çıxışına gəlincə isə o, Türkiyə, Albaniya və Braziliya nümayəndələri ilə eyni siyahıda yer alaraq Ermənistanı faktiki olaraq neytrallaşdırdı. Onun “Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi ikitərəfli dialoqda Azərbaycanın qanunvericiliyinə uyğun aparılmalıdır” ifadəsi təqdirəlayiq idi. Qeyd edim ki, dünənki çıxışlarda kimin insan hüquqları, kimin isə ərazi bütövlüyü prinsipinə vurğu edəcəyi maraqla gözlənilirdi. Braziliya, Albaniya, Rusiya və Türkiyə nümayəndələrinin insan hüquqları məsələsinə məhz ərazi bütövlüyü prizmasından yanaşmalarını yüksək qiymətləndirmək olar. O ki qaldı, ABŞ nümayəndəsinin nitqinə gözlənildiyi kimi, həmin çıxış Laçın yolunun açılması, amma, eyni zamanda, alternativ yollarla bağlı da kompromisin üzərində qurulmuşdu. O, ərazi bütövlüyü, suverenlik kimi çox vacib prinsiplərə toxunmadı”.
“Beləliklə, Ermənistanın və Fransanın BMT Təhlükəsizlik Şurasına ümidləri boşa çıxdı, separatçılar çox ciddi zərbə aldılar. Yəqin ki, yaxın vaxtlarda Rusiyanın vasitəçiliyi ilə son təkliflərin müzakirəsi də baş tutacaq. Sonda Ararat Mirzoyanın və Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin çıxışlarının müqayisəsini apararaq, Ermənistan XİN rəhbərinin uğursuzluğunu xüsusi vurğulamaq yerinə düşər”, - deyə Z.Məmmədov bildirib.