Politoloq: Fransa Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasında maraqlı deyil
Bakı, 21 dekabr, AZƏRTAC
Azərbaycan Ermənistanla sülh danışıqlarını birbaşa iki ölkənin iştirakı ilə aparılmasında maraqlıdır. Amma Ermənistan dövlətinin müstəqil siyasəti olmadığına, havadarlarından asılı vəziyyətdə olduğuna görə bu, vasitəçisiz mümkün deyil. Belə olduqda isə Azərbaycan çalışır ki, sülh danışıqları müxtəlif platformalarda həyata keçirilsin. Azərbaycanın çoxşaxəli müzakirə aparmaqda məqsədi danışıqlar prosesinin hansısa bir dövlətin və ya beynəlxalq təşkilatın təsiri altına, inhisarına düşməməsinə nail olmaqdır. Ermənistanın qeyri-konstruktivliyi səbəbindən sülh danışıqları effektsiz hal alıb və bundan münaqişənin davam etməsini istəyən və ya regionda hansısa marağı olan qüvvələr regiona öz təsirini davam etdirmək və ya maraqlarını təmin etmək məqsədilə istifadə edirlər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini Yalçın Hacızadə söyləyib.
Politoloq qeyd edib ki, bu ilin oktyabr ayında Avropa İttifaqının təşəbbüsü ilə Praqada Azərbaycan, Ermənistan və Fransanın iştirakı ilə keçirilən dördtərəfli görüşdə Azərbaycan Ermənistan sərhədboyu vəziyyətin monitorinqi, təhlili və yerlərdə vəziyyətlə bağlı hesabatların təqdim edilməsi məqsədilə Avropa İttifaqının Missiyasının yerləşdirilməsi iki aylıq razılaşdırılmışdı və bu müddət dekabrın 19-da bitdi. Lakin Avropa İttifaqı yenidən bu dəfə Ermənistana uzunmüddətli missiya göndərmək istəyir.
“Azərbaycanla əlaqələri inkişaf edən Avropa İttifaqının belə bir qərarı, Azərbaycanla müzakirə etmədən qəbul etməsi təəssüf və təəccüb doğurur. Sual oluna bilər ki, öz enerji təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycanla siyasi, iqtisadi əlaqələrini inkişaf etdirən Avropa İttifaqının belə qərarı nə məqsəd güdür, bu qərarın əlaqələrin inkişafına, Azərbaycan Ermənistan sülh vasitəçiliyinə xələl gətirməyəcəyini düşünür? Yoxsa Avropa İttifaqı Fransanın təsirinə düşərək onun riyakar, ikiüzlü siyasətinə xidmət edir? Əlbəttə, bu qərarın qəbulunda Fransanın böyük “rolu” olub. Ümumiyyətlə, maraqlıdır, 30 il ərzində Ermənistanın işğalını görməyən, bir milyon qaçqının hüquqlarının pozulmasına səssiz qalan, soyqırımları, terrorlar törədən, minlərlə insanın öldürülməsinə, şəhərlərin xarabalığa çevrilməsinə göz yuman Avropa İttifaqı nəyin monitorinqini aparmaq, nəyi öyrənmək istəyir? Heç şübhəsiz ki, Fransa Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasında maraqlı deyil və bu münaqişəni Cənubi Qafqazda qalmaq üçün özünün yeganə çıxış yolu olaraq görür. Ona görə də müxtəlif təxribatlarla sülh danışıqlarını sabotaj edir. Bunun sübutu kimi bu il dekabrın 7-də Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşün təxirə salınmasında oynadığı rolu göstərmək olar”, - deyə Yalçın Hacızadə vurğulayıb.
O əlavə edib ki, belə hallar da Cənubi Qafqazda sülhün təmin olunmasına yox, münaqişənin davam etməsi ilə ayrı-ayrı qüvvələrin maraqlarına xidmət edir. Əlbəttə, Ermənistanın belə qüvvələrlə əməkdaşlığı, onu inkişafa aparmayacaq, sonrakı taleyini sual altına alacaq.