SİYASƏT
Politoloq: Gürcüstanın və Azərbaycanın birgə tədbirlər təşkil etməsi böyük əhəmiyyətə malikdir
Tbilisi, 4 aprel, AZƏRTAC
Bu gün Gürcüstanın paytaxtında, Tbilisi Dövlət Universitetində Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı proqramı çərçivəsində "Davamlılığın gücləndirilməsi - hamı üçün əlçatanlığı təmin edən Şərq Tərəfdaşlığı" adlı ikigünlük seminar keçirilib. Düşünürəm ki, bu, Azərbaycan və Gürcüstan üçün olduqca mühüm bir tədbirdir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində tədbirdə iştirak edən gürcü politoloq Vaso Kopanadze söyləyib.
O qeyd edib ki, Avropa İttifaqı regionla sıx əməkdaşlıq edir. Artıq Gürcüstan da bu təşkilata namizəd statusu alıb. Azərbaycan da bu təşkilatla çox sıx və səmərəli əməkdaşlıq edir. Bu cür tədbirlər bizi daha da yaxınlaşdırır.
Politoloq deyib: “Dünya siyasəti hər gün dəyişir, yeni çağırışlarla üzləşirik. Bu baxımdan da demək olar ki, bu cür tədbirlər mühüm əhəmiyyət kəsb edir. Azərbaycan dövlətinin, onun ayrı-ayrı institutlarının, eləcə də ADA Universitetinin və Gürcüstan tərəfinin də bu layihədə olduqca böyük payı var. Düşünürəm ki, bu tədbirlər azərbaycanlı ekspertlərlə də aparılacaq və biz mühüm qərarlar qəbul edərək bir sıra nailiyyətlərə imza atacağıq”.
“Gürcüstanın və Azərbaycanın Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində müxtəlif tədbirlər, seminar və konfranslar təşkil etməsi olduqca böyük əhəmiyyətə malikdir. Bu, bir daha bizim sülh, sabitlik, inkişaf və tərəqqi uğrunda birgə mübarizə apardığımızı sübut edir”, - deyə Kopanadze vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi