Politoloq: Makronun əli dolayı yolla da olsa, şəhidlərimizin qanına batıb
Bakı, 13 aprel, AZƏRTAC
Fransanın Azərbaycan-Ermənistan şərti sərhədində, Qarabağda, Şərqi Zəngəzurda baş verənlərlə bağlı şərh verməyə mənəvi, siyasi və hər hansı bir haqqı yoxdur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov söyləyib.
İki gün əvvəl Azərbaycan-Ermənistan şərti sərhədində qarşı tərəfin növbəti təxribatı nəticəsində üç hərbi qulluqçumuzun şəhid olduğunu diqqətə çatdıran politoloq Fransa Prezidenti Emmanuel Makronun da dolayı yolla həmin çirkin planın təşkilatçılarından olduğu və əlinin şəhidlərimizin qanına batdığını bildirib. Buna səbəb Fransanın Ermənistanı dəstəkləməsi və ölkəmizə qarşı təzyiq aləti kimi istifadə etməsidir. Düşmən ölkə Fransa və digər havadarlarına güvənərək sülh müqaviləsinin imzalanma vaxtını uzadır, danışıqlar zamanı isə qeyri-konstruktiv mövqe nümayiş etdirir.
“E.Makronun haqqı çatmır ki, diqqətini yenidən Azərbaycan-Ermənistan arasında baş verənlərə yönəltsin. Ötən ilin dekabrında Brüsseldə baş tutmalı olan görüşdə özünü üçtərəfli dialoq formatına sığdırmaq istəyən Fransa lideri rəsmi Bakı tərəfindən rədd cavabı almışdır. Belə olan təqdirdə aydın məsələdir ki, Azərbaycan nə ATƏT-in keçmiş Minsk qrupu, nə də Avropa İttifaqı missiyası kimi fərqli formatlarda, ümumilikdə Azərbaycan və Ermənistan arasında keçirilən üçlü görüşlərdə Fransanı tərəf kimi görmək istəmir. Fransa Prezidenti yaxşı olardı ki, Parisin mərkəzində yerləşən barbar muzeyinə nəzər yetirsin. Həmin muzey isə hələ də saxlanılır. Həmçinin E.Makron Fransanın keçmiş müstəmləkələrinə qarşı beynəlxalq hüquq norma və prinsiplərinə zidd davranışlarını da unutmasın. Belə ki, vaxtilə Fransanın Afrikada müstəmləkələri olan dövlətlərin müstəqil olmasından onilliklər keçsə də, Fransa hələ də onların suveren daxili və xarici siyasət aparmasına imkan vermir. Bir sözlə, Fransanın bu cür qanunsuzluqları barədə siyahını uzatmaq da olar. Lakin bu qədər hüquqazidd əməllərin törədicisi olan Fransa mələk qiyafəsinə bürünüb özünü Azərbaycan-Ermənistan arasında sülh vasitəçiliyi edən ölkə kimi göstərməyə çalır. Əslində isə tam əksi müşahidə edilir. Fransanın bu cür davranışları gələcəkdə yeni müharibə risklərini artırır”,- deyə Z.Məmmədov bildirib.