Politoloq: Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidentinə böyük diqqət var
Bakı, 17 fevral, AZƏRTAC
Azərbaycanın hazırda qlobal siyasi münasibətlər sistemində mövqelərini möhkəmləndirməsi ölkəmizə olan diqqəti daha da artırır. Şübhəsizdir ki, Prezident İlham Əliyevin siyasi qətiyyəti və uzaqgörənliyi indi Mərkəzi Asiyadan Avropaya qədər hər kəsin marağına səbəb olur. Azərbaycan dünyanın ən vacib təşkilatlarının, eyni zamanda, nüfuzlu konfransların daimi iştirakçısıdır. Dövlətimizin başçısının siyasi kursu dünya tərəfindən diqqətlə izlənilir və tədqiq edilir. Azərbaycan çətin geopolitik sınaqlar qarşısında optimal həll yolları təklif edən dövlət kimi tanınır. Ölkəmizin mövqeyi dünyada vacib qərarların alınmağına da birbaşa təsir göstərir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov söyləyib.
O qeyd edib ki, Azərbaycan Münxen Təhlükəsizlik Konfransının (MTK) daimi iştirakçılarından biridir. Ölkəmizin önəmli və kilid geopolitik mövqeləri, həmçinin Azərbaycanın vacib kommunikasiya nöqtələri üzərindəki coğrafi mövqeyi hər kəs tərəfindən qəbul edilir. Azərbaycan MTK-nın illik görüşlərində müntəzəm olaraq dövlət başçısı və ya digər səviyyələrdə fəal iştirak edir. Builki MTK-ya dəvət olunmuş az sayda dövlət başçılarından biri də Azərbaycan Prezidenti İlham Əliyevdir.
Ekspert bildirib ki, dövlətimizin başçısının konfransın əsas proqramındakı iki iclasda iştiraka dəvət edilməsi onun lider və natiq kimi şəxsiyyətinə böyük hörmətin göstəricisi, habelə ölkəmizin enerji təhlükəsizliyi kimi qlobal miqyaslı aktual mövzu üzrə və Cənubi Qafqazın təhlükəsizliyinin təmin olunmasında aparıcı rolunun qəbul edilməsi və tanınmasıdır. Avropanın enerji təhlükəsizliyinin təmin olunması, bu marşrutlarının şaxələndirilməsi, yaşıl enerji, regional kommunikasiya xətlərinin açılması, Orta Dəhliz kimi məsələlərdə ölkəmizin təşəbbüsləri və apardığı uğurlu siyasət, qurduğu effektiv tərəfdaşlıqlar, Cənubi Qafqazda fəal şəkildə təşviq etdiyi sülh gündəliyi MTK kimi mötəbər forumun maraq dairəsindədir.
“Prezident İlham Əliyevin ötən illərdə Münxendə yaddaqalan çıxışları da məlumdur. Münxen Təhlükəsizlik Konfransında Azərbaycana maraq yüksək olur. Unutmaq olmaz ki, Konfransda təkcə siyasətçilər və ölkə rəhbərləri deyil, şirkətlər də təmsil olunurlar. Buna görə işğaldan azad olunmuş ərazilərə yeni investisiyaların cəlbi baxımdan da tədbirin mühüm əhəmiyyəti olacaq. Son illərdə müşahidə edirik ki, Azərbaycanın fikirləri və mövqeyi olmadan vacib tədbirlər həyata keçirilmir”, - deyə T.İsmayılov vurğulayıb.