Politoloq: Ölkəmizin haqlı siyasətini dəstəkləyənlərin sayı günü-gündən artır
Bakı, 14 dekabr, AZƏRTAC
Dekabrın 14-də Prezident İlham Əliyev Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının birgə zirvə toplantısında iştirak etmək üçün Türkmənistana səfər edib. Səfər çərçivəsində dövlət başçıları arasında ikitərəfli və üçtərəfli görüşlər keçirildi. Həmçinin Azərbaycan, Türkiyə və Türkmənistan arasında çox mühüm münasibətləri özündə əks etdirən ticari, iqtisadi, nəqliyyat əlaqələrinin gücləndirilməsini təmin edən, habelə Avropa ilə Asiyanı birləşdirən Orta Dəhlizin əhəmiyyətini daha da artıran sənədlər imzalandı.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Anar Əliyev deyib.
Politoloq bildirib ki, səfər zamanı imzalanan sənədlər Azərbaycan, Türkiyə və Türkmənistan üzərindən keçməklə Çindən Avropaya və əks istiqamətdə daşınacaq yüklərin dövriyyəsinə ciddi şəkildə müsbət təsir göstərəcək. Onun sözlərinə görə, yeni sənədlərdən irəli gələn məsələlər hər üç dövlətin, xüsusilə də Azərbaycanın nəqliyyat qovşağı müstəvisində rolunu dəfələrlə artıracaq.
“Nəzərə almaq lazımdır ki, hazırkı qlobal şəraitdə, yəni, Şimal və Cənub nəqliyyat axınlarında çox ciddi problemlərin və məhdudlaşmaların həyata keçirildiyi mərhələdə Orta Dəhlizə çox ciddi ehtiyac yaranıb. Bu tarixi hadisəni uzaqgörənliklə qiymətləndirən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət və münasibətlərin qurulması istiqamətində apardığı uğurlu danışıqlar nəticə etibarilə Azərbaycanın türk dövlətləri birliyinin formalaşmasında və Orta Dəhlizin qurulmasında çox mühüm rola malik dövlət mövqeyinə yüksəlməyinə səbəb olub", - deyə Anar Əliyev qeyd edib.
Politoloq, həmçinin deyib ki, bu gün Türkiyənin Asiya dövlətləri ilə iqtisadi əlaqələrinin qurulmasında Azərbaycan aparıcı rola sahibdir: “Dövlətimiz 44 günlük Vətən müharibəsindəki Qələbəsi ilə Orta Dəhlizə yeni güc qatır, Zəngəzur dəhlizinin reallaşması perspektivini ortaya qoyur. Xüsusi qeyd etmək lazımdır ki, Zəngəzur dəhlizinin açılması ilə yüklərin Orta Dəhliz vasitəsilə Azərbaycan üzərindən Avropaya və əksinə daşınması daha da sürətlənəcək. Eyni zamanda, Xəzər dənizi korbohidrogen ehtiyatlarının, xüsusilə də Türkmənistanın alternativ enerji ehtiyatlarının daha böyük bazara çıxarılması imkanları artacaq. Nəticədə, Azərbaycanın karbohidrogen ehtiyatlarının Avropa bazarlarına çıxarılması asanlaşacaq. Azərbaycan bu istiqamətdə baş obraz kimi çıxış edir. Bu, dövlətimizin beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi daha da güclənməsinə və siyasi arenadakı dəstəkçilərinin sayının günü-gündən artmasına səbəb olacaq”.