Politoloq: Prezident İlham Əliyevin apardığı müdrik siyasət Ermənistanın bütün planlarının üstündən xətt çəkdi
Bakı, noyabr, AZƏRTAC
Biz bir neçə gündən sonra Vətən müharibəsinin tarixi Qələbə ilə başa çatmasını qeyd edəcəyik. Təbii ki, bu, Azərbaycan tarixində çox əlamətdar, hətta demək olar ən yaddaqalan günlərindən biridir. Çünki bu gün biz 200 il ərzində itirilən torpaqların bir hissəsini 44 günə qaytarmaqla ermənilərə və onların havadarlarına sübut etdik ki, müstəqil Azərbaycan Respublikasının bir qarış torpağını belə heç kimə güzəştə getməyəcəyik.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri politoloq Zaur Məmmədov söyləyib.
Ermənilərin reallıqla uzlaşmayan xəyallarından danışan politoloq deyib: “Zaman-zaman bəlli idi ki, ermənilərin Azərbaycan torpaqlarını işğal edəndən sonra onlar daha da həvəslənərək “dənizdən-dənizə” Ermənistanı yaratmaq xülyasının reallaşacağını düşünürdülər. Təbii ki, Ermənistanın nəinki “dənizdən-dənizə” planı baş tutdu, hətta onların digər dövlətlərin köməyi ilə Azərbaycan torpaqlarını işğal altında saxlamaq cəhdləri də iflasa uğradı. Prezident İlham Əliyevin apardığı müdrik siyasət Ermənistanın bütün planlarının üstündən xətt çəkdi. Ermənistan acı məğlubiyyət nəticəsində ağır siyasi, iqtisadi zərbə aldı. Azərbaycanın etdiyi uzaqgörən, düşünülmüş və perspektivli siyasi gedişlər göstərdi ki, nəinki “dənizdən-dənizə” Ermənistan dövləti, ümumiyyətlə, onların bugünkü ərazi suverenliyi də sual altına düşə bilər. Əgər Ermənistan tərəfindən Azərbaycana qarşı ərazi iddiaları, təxribatlar və hər hansı bir təhdidlər olarsa, o zaman onların bugünkü aqibəti bəlli olmayacaq. Təbii ki, Prezident İlham Əliyevin hər bir qərarı, atdığı hər bir addımı yalnız ona istiqamətlənib ki, bizim xalqımızın və dövlətimizin milli maraqları reallaşsın. Xalqımız və dövlətimiz, nəhayət, öz məqsədlərinə çatdı. Nəticə etibarilə biz bu tarixi günləri yaşadıq”.
Zaur Məmmədov vurğulayıb ki, müharibədən sonra qısa zamanda dost ölkələrin nüfuzlu şirkətlərini cəlb etməklə Azərbaycan cəmi bir neçə ay ərzində işğaldan azad olunmuş bütün rayonlarda yenidənqurma və bərpa işlərinə start verib. Bu yaxınlarda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Zəngəzur dəhlizinin də əsası qoyulub. Təkcə bir ay ərzində Prezident İlham Əliyev işğaldan azad olunmuş Tərtərə, Suqovuşana, Talış kəndinə, həmçinin Cəbrayıl, Xocavənd, Füzuli, Zəngilan, Qubadlıya 8 səfər həyata keçirib. Bundan başqa, Vətən müharibəsi dövründə ciddi dağıntılara məruz qalmış Bərdə və Tərtərin müxtəlif yaşayış məntəqələrində olub. Bütün bunlar onu göstərir ki, bugünkü yenidənqurma və bərpa işləri məhz Prezident İlham Əliyevin birbaşa başçılığı altında həyata keçirilir. Prezident İlham Əliyev Azərbaycan xalqının arzularını reallığa çevirdi. Həmçinin xalqı inamla gələcəyə aparması Prezident İlham Əliyevi həmişəlik xalqın rəğbət bəslədiyi Liderə çevirdi.