Polkovnik: Konstitusiya və suverenlik dövlətin daxili, xarici siyasətində əsas müstəvidir

Bakı, 18 mart, AZƏRTAC
Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və suverenlik İli” elan edilməsi, ölkənin hüquqi və siyasi sisteminin əsas prinsiplərinə, eləcə də dövlətin suverenliyinin qorunmasına diqqət çəkən mühüm bir addımdır. Bu il ərzində keçiriləcək tədbirlər, Azərbaycan xalqının müstəqilliyinin və dövlətçiliyinin gücləndirilməsinə xidmət edəcək və bu mövzuların daha geniş ictimaiyyətə çatdırılmasına imkan yaradacaq. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında da “Konstitusiya və suverenlik İli”nə həsr olunmuş tədbirlər planı təsdiq edilib və bu plana əsasən silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında keçirilən “Konstitusiyamız və suverenliyimiz – dövlətimizin təhlükəsizliyinin qarantıdır” mövzusundakı konfransda təşkilatın sədri, polkovnik Cəlil Xəlilov deyib.
Polkovnik bugünkü konfransın keçirilməsində əsas məqsədin “Konstitusiyamız və suverenliyimiz - dövlətimizin təhlükəsizliyinin qarantıdır” ideyası üzərində fokuslanmaq olduğunu qeyd edib. Bildirib ki, konstitusiya və suverenlik dövlətin daxili və xarici siyasətində əsas müstəvidir və bu mövzunun müzakirəsi ölkəmizin gələcək inkişafı, hüquqi sabitliyi və milli təhlükəsizliyinin qorunması üçün çox vacibdir.
"Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında suverenliyimiz, dövlət təhlükəsizliyimiz yüksək səviyyədə qorunmaqdadır. Bu müstəvidə Azərbaycan Silahlı Qüvvələri, xüsusi xidmət orqanlarımız və digər dövlət qurumları böyük əmək və fədakarlıq sərf etməkdədir. Lakin konstitusiya və suverenliyimizin qorunması, dövlət təhlükəsizliyimizin təmini elə vacib və həyati məsələdir ki, bu prosesdə cəmiyyətimizin hər bir fərdi, eləcə də gənclərimiz və veteranlarımız fəal iştirak etməli və öz töhfələrini verməlidir", - deyə C.Xəlilov qeyd edib.