Polkovnik: Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifi qlobal əhəmiyyətə malikdir
Bakı, 7 iyul, AZƏRTAC
Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifi qlobal əhəmiyyətə malikdir.
Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.
Polkovnik qeyd edib ki, bu təklif mina təhdidi və onun fəsadlarına qarşı mübarizə baxımından mühüm önəm kəsb edir: “Azərbaycanın dövlət başçısı Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə mina təhlükəsi və ona qarşı birgə mübarizə ilə bağlı maraqlı çıxış etdi, mühüm təkliflər səsləndirdi. Bu təkliflərdən biri də Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması oldu.
Prezident İlham Əliyev diqqətə çatdırıb ki, belə qrupun yaradılması Qoşulmama Hərəkatına üzv olan dövlətlərin səsinin qlobal miqyasda daha aydın eşidilməsini təmin edə bilər: “Hazırda dünyada Azərbaycan da daxil olmaqla bir çox ölkə var ki, onlar ciddi miqyasda mina çirklənməsinə məruz qalıblar. Azərbaycan 30 ildir ki, bu problemlə üzləşib və Ermənistan bu gün də torpaqlarımızda minalar basdırmaqda, insanlarımıza qarşı mina terroru həyata keçirməkdə davam edir. Bu baxımdan Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması mina çirkliliyinə məruz qalan dövlətlər arasında əməkdaşlıq üçün ciddi zəminin formalaşması deməkdir”.
Cəlil Xəlilov qeyd edib ki, Prezident İlham Əliyevin səsləndirdiyi bu təklif bütün bəşəriyyətin təhlükəsizliyinə xidmət edir: “Dövlət başçımızın irəli sürdüyü bu təklif olduqca humanist xarakter daşıyır. Statistika sübut edir ki, hər il dünyada minlərlə insan mina terrorunun qurbanı olur. Onların bir çoxu həyatını itirir, digərləri isə ömürlük şikəst olur. Son illər mina terrorunun daha da genişlənməsi bu problemə qarşı birgə mübarizəni zəruri edir. Buna görə də Azərbaycan Prezidentinin məlum təklifinin Qoşulmama Hərəkatına üzv olan digər dövlətlər tərəfindən ciddi şəkildə dəstəklənəcəyi şübhəsizdir. Bu isə o deməkdir ki, biz yaxın gələcəkdə mina çirkliliyinə qarşı bir çox dövlətin birgə əməkdaşlığının şahidi olacağıq”.