PREZİDENT HEYDƏR ƏLİYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, filmin rejissoru və ssenari müəllifi Türkiyənin tanınmış incəsənət xadimi Banu Avardır. Banu xanım 45 dəqiqəlik filmdə Heydər Əliyevin türk dünyası qarşısındakı misilsiz xidmətlərindən söhbət açır, Azərbaycanın əfsanəvi liderinin xalqın ən çətin məqamlarında onun imdadına yetişdiyini nəzərə çarpdırır.
Müəllif ekran əsərində Heydər Əliyev haqqında Türkiyənin doqquzuncu prezidenti Süleyman Dəmirəlin xatirələrinə, ölkənin tanınmış siyasi xadimi, sabiq mədəniyyət naziri, Əhməd Yasəvi Fondunun sədri Namiq Kamal Zeybekin düşüncələrinə, istedadlı jurnalist və siyasi şərhçi İrfan Ülkünün qeydlərinə xüsusi yer ayırmışdır. Prezident Heydər Əliyevin Türkiyəyə səfərlərindən danışan İstanbuldakı Baş konsulumuz İbrahim Yaqubov unudulmaz rəhbərə burada həm siyasətçilər, həm də sadə xalq tərəfindən göstərilən hörmət və ehtiramı, sevgi və məhəbbəti dilə gətirir.
Azərbaycan və Türkiyə televiziya kanallarının arxivlərindəki materiallardan da geniş istifadə olunan filmdə dahi siyasət xadiminin gördüyü işlər haqqında ətraflı məlumat verilmiş, ölkəmizin siyasi, iqtisadi və mədəni həyatının dünəni və bu günü qarşılaşdırılmışdır. “Kanal-8”in rəhbərliyi və filmin müəllifi bu lenti Heydər Əliyevin əziz xatirəsinə həsr etmişlər. Onlar deyirlər ki, bütün mənalı ömrünü Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, türk birliyinin yaranmasına həsr edən Heydər Əliyevin adı hər zaman minnətdarlıqla yad olunacaq, Türkiyə vətəndaşlarının qəlbində əbədi yaşayacaqdır.